03 noyabr 2026 11:35
98

44 günlük Vətən müharibəsi: tarixi ədalətin təntənəsi

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, birliyinin və dövlətimizin qüdrətinin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə uzun illər davam edən işğala son qoymaqla yanaşı, ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar yaratdı. Bu Zəfər güclü dövlət quruculuğunun, məqsədyönlü siyasətin və xalq-ordu birliyinin məntiqi nəticəsi kimi tarixə düşdü.

1988-ci ildən başlayan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü xalqımız üçün ağır nəticələr doğurdu. Torpaqlarımız işğal edildi, şəhər və kəndlərimiz dağıdıldı, yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşdü. Bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal altında saxlanılan ərazilərdə infrastruktur dağıdıldı, tarixi və mədəni irsimizə ciddi ziyan vuruldu. Bu illər ərzində Azərbaycanın başlıca məqsədi ərazi bütövlüyünü bərpa etmək və tarixi torpaqlarımızı azad etmək idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu məqsədə çatmaq üçün zəruri olan siyasi, iqtisadi və hərbi imkanların formalaşdırılmasına yönəldi. Ordu quruculuğu, müdafiə qabiliyyətinin artırılması, hərbi sənaye kompleksinin inkişafı və beynəlxalq mövqelərin möhkəmləndirilməsi vahid strategiyanın əsas istiqamətlərini təşkil etdi.

Azərbaycanın iqtisadi qüdrətinin artması hərbi potensialın gücləndirilməsi üçün möhkəm zəmin yaratdı. Müasir silah və texnika ilə təchiz olunan Silahlı Qüvvələrin döyüş qabiliyyəti yüksəldildi, yerli hərbi sənaye istehsalı genişləndirildi. Enerji və nəqliyyat layihələri isə ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi müstəqilliyinin möhkəmlənməsinə töhfə verdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. “Dəmir yumruq” əməliyyatı xalqımızın təxminən 30 il ərzində gözlədiyi tarixi Qələbəyə aparan yolu açdı.

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini həll edən mərhələlərdən biri oldu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Bu Qələbə təkcə hərbi uğur deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və milli iradəsinin təntənəsi idi. Prezident İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Beləliklə, ölkəmiz həm döyüş meydanında, həm də informasiya müstəvisində öz maraqlarını qətiyyətlə müdafiə etdi. Vətən müharibəsi xalq-ordu birliyinin gücünü də bütün dünyaya göstərdi. Vətəndaşlarımızın ön və arxa cəbhədə nümayiş etdirdiyi həmrəylik, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların fəallığı “Dəmir yumruq” ifadəsini milli birliyin rəmzinə çevirdi.

2020-ci ildə qazanılan Qələbədən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ölkənin bütün ərazisində suveren hüquqların tam təmin olunması idi. 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində sərhəd-buraxılış məntəqəsinin yaradılması bu istiqamətdə mühüm addım oldu. Həmin il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror əməliyyatına başladı. Sentyabrın 20-də əməliyyatın dayandırılması barədə razılıq əldə edildi və Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması bu tarixi nailiyyətin rəmzinə çevrildi. 2024-cü ildə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi də xalqımızın yaddaşında bu tarixi mərhələnin əbədiləşdirilməsinə xidmət etdi.

Zəfərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirildi. 2020-ci ildə Zəfər Gününün təsis edilməsi, hərbçilərimizin orden və medallarla təltif olunması, 2021-ci ildə Hərbi Qənimətlər Parkının açılması bu istiqamətdə atılan addımlardandır. 2024-cü il noyabrın 8-də Zəfər parkının, 2025-ci il noyabrın 8-də isə Zəfər muzeyinin açılması tarixi Qələbəmizin yaddaşlarda yaşadılmasına mühüm töhfə verdi.

Vətən müharibəsindən sonra şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması və reabilitasiya imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Sosial dəstək paketi çərçivəsində şəhid ailələri və müharibə veteranlarından ibarət 132 min şəxsə 443 min xidmət göstərilib, onlara 7 354 mənzil və 586 avtomobil verilib. “YAŞAT” Fondu tərəfindən isə şəhid ailələrinin və qazilərin sosial problemlərinin həllinə 96 milyon manata yaxın vəsait yönəldilib. Ümumilikdə, Vətən müharibəsinin 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Bu tədbirlər dövlətin Vətən uğrunda canından keçənlərin ailələrinə, sağlamlığını itirmiş hərbçilərə və müharibə veteranlarına diqqətinin davamlı xarakter daşıdığını göstərir.

Zəfərin ən mühüm nəticələrindən biri Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin başlanmasıdır. Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramı keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının, müasir infrastrukturun qurulmasının və dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir. Azad edilmiş ərazilərdə yollar, tunellər, körpülər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış binaları inşa olunur. İqtisadi fəaliyyətin bərpası, yeni iş yerlərinin yaradılması və sosial xidmətlərin təşkili istiqamətində tədbirlər görülür. 2020–2026-cı illərdə bu ərazilərin bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb, 2027-ci ildə isə əlavə 3,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Artıq 10 min 114 ailədən ibarət 40 min 922 nəfərin azad edilmiş ərazilərdəki yaşayış məntəqələrinə qayıdışı təmin edilib. Ümumilikdə, 47 yaşayış məntəqəsində – 10 şəhər, 3 qəsəbə və 34 kənddə məskunlaşma həyata keçirilib. Azad edilmiş ərazilərdə yaşayan, çalışan və təhsil alan insanların sayı 93 mini ötüb. Qarabağ Universitetində 3330-dan çox tələbənin təhsil alması isə bölgənin elmi və təhsil həyatının dirçəldilməsinin göstəricisidir.

Azərbaycan hərbi Qələbədən sonra regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən sammitdə Birgə Bəyannamənin imzalanması və Azərbaycan-Ermənistan sülh sazişi layihəsinin paraflanması normallaşma prosesində mühüm mərhələ oldu. Nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi regionun gələcək inkişafı üçün yeni imkanlar yaradır. Bununla belə, davamlı sülhün təmin olunması tərəflərin öhdəliklərinə əməl etməsindən və dövlətlərin suverenliyinə hörmət prinsipinin qorunmasından asılıdır.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığını, dövlətimizin qüdrətini və milli birliyini təcəssüm etdirən əbədi tarixdir. Bu Qələbə şəhidlərin fədakarlığı, qazilərin şücaəti, ordumuzun peşəkarlığı və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qazanılıb. Bu gün azad edilmiş torpaqlarda aparılan quruculuq işləri, keçmiş məcburi köçkünlərin qayıdışı və dövlət suverenliyinin möhkəmləndirilməsi Zəfərin davam edən nəticələridir. Azərbaycanın qarşısında duran əsas vəzifə tarixi nailiyyətləri qorumaq, dayanıqlı sülhü möhkəmləndirmək və azad torpaqlarda yeni həyatın davamlı inkişafını təmin etməkdir.

Meydanəli Yolçiyev,
​​​​​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədri