05 noyabr 2026 10:14
189

ŞUŞA ZƏFƏRİ: Əbədi qürurumuz, gerçəkləşən ən böyük arzumuz!

Yaşıl təbiəti, səfalı yaylaqları, füsunkar Cıdır düzü, dumduru İsa bulağı, Turşsuyu ilə əsl cənnətməkandır Şuşamız. Azərbaycanın mədəniyyət paytaxtı qədimliklə müasirliyin harmoniyasını özündə layiqincə daşıyır.

Bir vaxtlar Cənubi Qafqazın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən olan Şuşaya tacirlər bir çox şəhərlərimizdən müxtəlif məhsullar,  Naxçıvandan isə  duz və parça gətirir dünyanın tanınmış yarmarkalarında sərgiləyirdilər. İpəkçilik, toxuculuq, xalçaçılıq və digər bu kimi sənət sahələri şuşalıların əsas məşğuliyyəti idi. Dağlar əhatəsində salınmış alınmaz qalanın gözəlliyi  diqqəti cəlb edirdi. Çar hökumətinin himayəsi ilə ermənilər şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladı və müxtəlif vaxtlarda vətəndaşlarımıza qarşı soyqırımlar törətdilər. Şuşaya yenidən həyat verən, milli ruhu qaytaran Ümummilli Liderimiz Heydər Əliyev oldu. Görkəmli dövlət xadimi xalqımızın qəhrəmanlıq rəmzi Şuşa haqqında demişdi:  “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və  Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar.  Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.  Burada mədəniyyətin, tarixi abidələrin qorunmasına xüsusi qayğı göstərən Dahi Liderin təşəbbüsü ilə görkəmli şair Molla Pənah Vaqifin məzarı üstündə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də onun iştirakı ilə məqbərənin, şairə Xurşidbanu Natəvanın abidəsi açılmış, Ulu Öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərinin qorunması ilə bağlı tövsiyələr vermişdir. Şəhərə yenidən həyat qayıtmış, milli ruh güclənmişdi…XX əsrin 80-cı illərinin sonu, 90-cı illərinin əvvəllərində ermənilərin ərazi iddiaları və Qarabağı işğal etmək cəhdləri digər torpaqlarımız kimi 1992-ci il mayın 8-də Şuşamızın işğalı ilə nəticələndi. Vətəndaşlarımız amansızlıqla qətlə yetirildi, öz doğma yurdlarından didərgin, məcburi köçkün vəziyyətinə düşdü, məktəblər,  kitabxanalar, mədəniyyət evləri, muzey, teatr, televiziya binaları, Şuşa qalasının divarları, mədrəsə, türbə və malikanələr, şair və yazıçıların evləri, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri və digər belə tarix mədəniyyət nümunələri işğalçılar tərəfindən vəhşicəsinə məhv edildi…

Görkəmli Azərbaycan şairi Səməd Vurğun Şuşa şeirində yazırdı:

Naləli bir fəryad qalxdı göylərə,

Bu Bülbül səsiydi, Cabbar səsiydi.

Bağrı qan olmuşdu Şuşanın bugün,

Bu səs anaların ah-naləsiydi...

 

Əymə sən başını, başımın tacı,

Nəhayət tapılar dərdin əlacı.

Ər-aslan oğullar ayağa qalxar,

Ayaqlar altında qalan bayrağı,

Şuşa qalasının başına taxar...

 

Belə də oldu,  28 il sonra Şuşamıza qovuşduq. Şuşa işğal altında olanda da milli ruhunu qoruyub saxlaya bildi. Prezident İlham Əliyev bu barədə demişdir: “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik”. 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən şanlı Vətən müharibəsində igid, qeyrətli, rəşadətli Azərbaycan oğulları canları-qanları bahasına Şuşamızı qaytardı. Noyabrın 8-də əsgərlərimiz əliyalın, silahsız, öz dişi-dırnağı ilə sıldırım qayaları aşaraq onu işğaldan azad etdi. Ali Baş Komandan, Prezident  İlham Əliyev Şəhidlər Xiyabanından bütün azərbaycanlıların illərlə gözlədiyi şad xəbəri verdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Həmin gün bir dəmir yumruq ətrafında birləşən xalqımızın qüruru, ləyaqəti dirçəldi, böyük Zəfərimizin möhürü vuruldu. Hamımızın həyatında ən xoşbəxt günlərdən biri olan Şuşa zəfəri bütün Azərbaycanda, eləcə də Naxçıvanımızda böyük sevinc və coşqu ilə qarşılandı. Şuşanın və digər torpaqlarımızın alınmasında ölkə başçısının sarsılmaz iradəsi, qətiyyəti, apardığı düzgün daxili və xarici siyasət, eləcə də Azərbaycan Ordusunun rəşadəti, qəhrəmanlığı mühüm rol oynadı. Torpaqlarımızın işğaldan azad edilməsində naxçıvanlılar da böyük rəşadət göstərdilər, şəhidlər verdik. Ali Baş Komandan onların cəsarətini belə qiymətləndirirdi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.

Şuşanın işğaldan azad edildiyi gün əbədiləşdirilidi, hər il 8 noyabr tarixi “Zəfər Günü” ilə yanaşı, “Şuşa Şəhəri Günü” kimi xalqımız tərəfindən təntənə ilə qeyd edilir. Bu gün Şuşada böyük quruculuq, abadlıq işləri aparılır, Şuşaya yeni həyat verilib. Burada dalğalanan üçrəngli bayrağımız xalqımızın sarsılmaz birliyinin, gücünün rəmzidir. Şuşanın festivallara, mədəni, siyasi tədbirlərə ev sahibliyi etməsi hamımızı qürurlandırır, sevindirir. Qarabağın bu cənnət guşəsi, bənzərsiz Xarıbülbülü ilə buraya gələn hər kəsi özünə bir daha heyran edir.  

Güntac Şahməmmədli,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı