Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə müqəddəs dəyərlər vardır ki, onlar xalqımızın milli kimliyini, azadlıq arzularını, müstəqillik iradəsini və gələcəyə olan inamını özündə yaşadır. Bu müqəddəs dəyərlərin ən ucasında Azərbaycan Respublikasının Dövlət Bayrağı dayanır. Üçrəngli bayrağımız xalqımızın milli qürurunun, dövlət müstəqilliyinin, milli birliyinin və suverenliyinin ən parlaq ifadəsidir. Hər dəfə göylərdə dalğalanan bayrağımıza baxarkən xalqımızın şanlı keçmişini, mübarizə tarixini, qəhrəman övladlarının fədakarlığını və müstəqil gələcəyini xatırlayırıq.
Hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü böyük sevgi, ehtiram və qürur hissi ilə qeyd olunur. Bu əlamətdar gün Azərbaycan xalqının dövlətçilik ənənələrinə bağlılığını, milli-mənəvi dəyərlərinə hörmətini və müstəqilliyinə sadiqliyini nümayiş etdirir. Dövlət bayrağımız yalnız bir dövlət atributu deyil, həm də xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının və milli iradəsinin rəmzidir.
1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Müstəqil dövlətin milli atributlarının yaradılması istiqamətində mühüm addımlar atıldı. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli Dövlət Bayrağı qəbul edildi. Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bu bayraq xalqımızın milli ideallarını özündə birləşdirdi.
Üçrəngli bayrağın qəbul edilməsi Azərbaycan xalqının müstəqil dövlət qurmaq iradəsinin mühüm təzahürü idi. Lakin xalqımızın azadlıq arzularına qarşı yönəlmiş tarixi hadisələr nəticəsində 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Bununla da üçrəngli bayrağımız rəsmi dövlət rəmzi kimi istifadədən çıxarıldı. Ancaq bu bayraq xalqımızın qəlbindən heç vaxt silinmədi. O, azadlıq və müstəqillik arzularının, milli kimliyimizin və gələcəyə inamımızın rəmzi olaraq yaşamaqda davam etdi.
Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi XX əsrin sonlarında yenidən gücləndi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsi barədə mühüm qərar verildi. Bu tarixi qərarın qəbul edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu oldu. Beləliklə, uzun illərdən sonra milli bayrağımız yenidən xalqımızın azadlıq və müstəqillik mübarizəsinin önündə dayandı.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı Dövlət Bayrağı kimi təsdiq etdi. Həmin ilin oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Beləliklə, xalqımızın milli dövlətçilik rəmzi yenidən müstəqil Azərbaycanın səmasında dalğalanmağa başladı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli ideologiyanın formalaşdırılmasında və dövlət atributlarına hörmətin yüksəldilməsində misilsiz xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə ölkəmizdə müstəqil dövlət quruculuğunun əsasları möhkəmləndirilmiş, milli-mənəvi dəyərlərimizin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Ulu Öndər bayrağımızı xalqımızın milli varlığının və müstəqilliyimizin müqəddəs rəmzi kimi yüksək qiymətləndirirdi.
2007-ci il noyabr 17-də Bakıda Dövlət Bayrağı Meydanın yaradılması haqqında sərəncam imzalandı. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən, hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu qərar dövlət rəmzlərimizə olan ehtiramın daha da yüksəldilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli dövlətçilik ənənələrinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, iqtisadi və siyasi mövqeləri möhkəmlənmiş, ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edən, müstəqil qərarlar qəbul edən və regionda mühüm söz sahibi olan dövlətə çevrilmişdir.
2020-ci il Azərbaycan tarixində əbədi yaşayacaq şanlı bir dövrün başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi xalqımızın milli birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərdi. Döyüş meydanında qazanılan tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nailiyyətlər əldə edildi.
Vətən müharibəsinin ən təsirli və qürurverici anlarından biri noyabrın 8-də Şuşa şəhərinin azad olunması oldu. Şuşanın azad edilməsi Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq böyük Zəfər hadisəsinə çevrildi. Ertəsi gün – noyabrın 9-da Dövlət Bayrağı Gününün qeyd olunması həmin ilin bayramına xüsusi məna verdi. Çünki üçrəngli bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalanması xalqımızın ən böyük arzularından birinin gerçəkləşməsi idi.
2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Bu hadisə dövlətçilik tariximizin mühüm mərhələsi kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət bayrağımızın Xankəndidə, Xocalıda, Xocavənddə və digər yaşayış məntəqələrində ucaldılması xalqımız üçün tarixi qürur mənbəyinə çevrildi.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda üçrəngli bayrağımızın dalğalanması müstəqilliyimizin, suverenliyimizin və dövlətimizin gücünün əyani göstəricisidir. Vaxtilə işğal altında olan torpaqlarımızda bu gün quruculuq və bərpa işləri həyata keçirilir. Şəhər və kəndlərimiz yenidən qurulur, yollar, məktəblər, mədəniyyət müəssisələri, yaşayış binaları tikilir. Doğma yurdlarından məcburi köçkün düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı Azərbaycanın tarixi Qələbəsinin davamı kimi böyük əhəmiyyət daşıyır.
Azərbaycan bayrağı bu gün yalnız ölkəmizin ərazisində deyil, dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların binaları qarşısında, diplomatik nümayəndəliklərimizdə və mötəbər tədbirlərdə dalğalanır. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və müstəqil dövlət kimi tanınmasının göstəricisidir. Bayrağımızın hər bir beynəlxalq tədbirdə ucaldılması milyonlarla azərbaycanlının qəlbində qürur və sevinc hissi yaradır.
Azərbaycan Respublikasının Dövlət Bayrağı dövlətimizin Konstitusiyasında təsbit olunmuş əsas dövlət rəmzlərindən biridir. Dövlət Himni və Dövlət Gerbi ilə birlikdə bayrağımız müstəqil Azərbaycanın dövlətçilik atributlarını təşkil edir. Bu rəmzlər xalqımızın tarixini, milli kimliyini və dövlətçilik iradəsini ifadə edir.
Bu gün üçrəngli bayrağımız müstəqil, suveren və qüdrətli Azərbaycanın səmasında əbədi dalğalanır. Bu bayraq şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyəti ilə daha da ucalmışdır. Onun hər bir rəngində tariximiz, hər bir dalğasında azadlıq ruhumuz, hər bir ucalışında isə gələcəyə olan inamımız yaşayır.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı bu əlamətdar bayram münasibətilə təbrik edirik. Arzu edirik ki, üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, Azərbaycanımız inkişaf etsin, dövlət müstəqilliyimiz və suverenliyimiz əbədi olsun.
Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri