04 noyabr 2026 12:01
137

8 Noyabr: qürur və şərəf günü

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən şanlı və qürurverici səhifələrdən biridir. Bu tarix yalnız hərbi Qələbənin deyil, milli iradənin, sarsılmaz birliyin, dövlətçilik əzminin, Vətən sevgisinin və tarixi ədalətin təntənəsidir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Azərbaycan xalqı uzun illər həsrətində olduğu Zəfərə qovuşdu. Bu möhtəşəm Qələbə 30 ilə yaxın davam edən işğala son qoyulmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun və milli həmrəyliyin parlaq təcəssümü oldu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” söyləməklə Zəfərin təsadüfi deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, iqtisadi inkişafın, güclü ordunun qurulmasının, beynəlxalq mövqelərin möhkəmləndirilməsinin və xalqın sarsılmaz iradəsinin nəticəsi olduğunu bir daha təsdiqləyir.

İşğalın ağır nəticələri və tarixi ədalətin bərpası

1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə soydaşımız qətlə yetirilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatına məhkum edilmişdir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi-mədəni irsinə, dini abidələrinə, iqtisadi və sosial infrastrukturuna böyük ziyan vurulmuşdur.

Azərbaycan isə bütün bu illər ərzində beynəlxalq hüquqa və sülh yolu ilə nizamlanma prinsipinə sadiqliyini nümayiş etdirmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən məlum 4 qətnaməsinin icra olunmaması, ATƏT-in Minsk qrupunun uzun illər davam edən fəaliyyəti ərzində münaqişənin həllinə nail ola bilməməsi beynəlxalq vasitəçilik mexanizmlərinin səmərəsizliyini göstərirdi. Azərbaycan isə gözləməklə kifayətlənmədi. Ölkəmiz hərtərəfli inkişaf yolunu seçərək gələcək Zəfərin təməlini formalaşdırdı.

Güclü dövlət, güclü iqtisadiyyat və müasir ordu – Zəfərin əsas təminatları

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri güclü və müasir Azərbaycan Ordusunun yaradılması olmuşdur. İllər ərzində hərbi büdcənin artırılması, Silahlı Qüvvələrin ən müasir silah və texnika ilə təchiz edilməsi, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi və hərbi sənaye kompleksinin inkişafı ölkəmizin müdafiə qüdrətini əhəmiyyətli dərəcədə artırmışdır. Azərbaycanın hərbi sənaye potensialının genişləndirilməsi nəticəsində ölkədə müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və digər hərbi təyinatlı məhsullar istehsal olunmağa başlanmışdır.

Bununla yanaşı, Azərbaycanın iqtisadi gücünün artırılması, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ölkəmizin siyasi və diplomatik mövqelərini möhkəmləndirmişdir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və digər transmilli layihələr Azərbaycanı regionun mühüm iqtisadi və geosiyasi aktoruna çevirmişdir.

Beləliklə, hərbi qüdrət, iqtisadi inkişaf və çevik diplomatiya vahid strategiyanın tərkib hissələri kimi Azərbaycanın tarixi Qələbəsinə zəmin yaratmışdır.

44 günlük Vətən müharibəsi – milli iradənin və qəhrəmanlığın təntənəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan bu müqəddəs savaş Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyan tarixi mübarizəyə çevrildi. Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq, döyüş əzmi və peşəkarlıq nümayiş etdirdi. Cəbhənin müxtəlif istiqamətlərində aparılan uğurlu əməliyyatlar nəticəsində şəhərlərimiz, kəndlərimiz və strateji yüksəkliklərimiz bir-birinin ardınca işğaldan azad edildi.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin azad olunması Azərbaycan Ordusunun hərbi üstünlüyünü və döyüş qabiliyyətini nümayiş etdirdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən mühüm hərbi-strateji hadisə oldu. Şuşa Zəfəri Azərbaycan xalqının milli qürurunu, tarixi yaddaşını və mənəvi gücünü özündə birləşdirən rəmzə çevrildi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sənədə uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu mücadilədə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına tarixi ədalət bərpa olundu. Bu nailiyyət yalnız döyüş meydanında əldə edilən uğurlarla deyil, xalqın vahid məqsəd ətrafında birləşməsi ilə də səciyyələnirdi.

“Dəmir yumruq” – xalq, dövlət və ordu birliyinin rəmzi

Vətən müharibəsinin ən mühüm xüsusiyyətlərindən biri Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz həmrəylik idi. Cəbhədə döyüşən əsgər və zabitlərimiz arxa cəbhədə xalqın mənəvi dəstəyini hiss edirdi, bütün ölkə vahid amal ətrafında birləşmişdi. Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanlar, dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız, eləcə də ölkəmizin haqq işini dəstəkləyən dost xalqlar nümayəndələri milli həmrəyliyin güclənməsinə töhfə verirdilər. Siyasi partiyaların əksəriyyətinin milli məsələlərdə vahid mövqedən çıxış etməsi, ictimaiyyətin Ali Baş Komandanın ətrafında sıx birləşməsi dövlətçilik tariximizdə mühüm hadisə kimi yadda qaldı.

“Dəmir yumruq” ifadəsi məhz bu birliyin və sarsılmaz iradənin rəmzinə çevrildi. Azərbaycan xalqı sübut etdi ki, milli maraqlar, Vətən sevgisi və dövlətçilik məfkurəsi qarşısında bütün fərqliliklər ikinci dərəcəlidir.

İnformasiya müharibəsinin önündə gedən Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr də informasiya müharibəsində mühüm rol oynadı. Dövlət başçısı Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı, erməni təbliğatının qarşısını aldı və ölkəmizin diplomatik maraqlarını qətiyyətlə müdafiə etdi. Beləliklə, Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya və diplomatiya müstəvisində də üstünlüyünü nümayiş etdirdi.

Dövlət suverenliyinin tam bərpası – Zəfərin məntiqi davamı

2020-ci ildə qazanılmış tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin tam təmin edilməsi növbəti strateji vəzifə olaraq qalırdı. 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlətimizin suveren hüquqlarının təmin edilməsi baxımından mühüm addım oldu.

Həmin il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin hərbi təxribatlarının qarşısının alınması və konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Cəmi bir gündən az davam edən əməliyyat nəticəsində Azərbaycan öz dövlət suverenliyini bütün ərazisində tam təmin etdi.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltması tarixi Zəfərin və dövlət suverenliyinin bərpasının rəmzinə çevrildi. 2024-cü il sentyabrın 19-da Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə sentyabrın 20-si hər il ölkəmizdə bu tarixi hadisənin rəmzi olaraq qeyd edilməyə başlandı. Beləliklə, 2020-ci ildə Şuşada əldə edilən Zəfər 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası ilə özünün yeni tarixi mərhələsinə qədəm qoydu.

Zəfərin əbədiləşdirilməsi – milli yaddaş və dövlətçilik ənənəsi

Azərbaycan dövləti tarixi Qələbənin gələcək nəsillərin yaddaşında yaşadılması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və qəhrəmanlıq tariximizin təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirir. 2020-ci il noyabrın 26-da qəbul edilən qanunla “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də Vətən müharibəsində göstərilən qəhrəmanlığa və döyüş xidmətlərinə görə bir sıra orden və medallar təsis edildi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Zəfər Günü elan edildi. Həmin il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradı Azərbaycan Ordusunun qüdrətini və tarixi Qələbəmizi bütün dünyaya nümayiş etdirdi. 2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının, 2025-ci il noyabrın 8-də isə Zəfər muzeyinin açılması Vətən müharibəsinin tarixi yaddaşda yaşadılması baxımından əhəmiyyətli hadisələrdir. Bu məkanlar gələcək nəsillərə bir həqiqəti çatdırır: Azərbaycan xalqı öz tarixinə, torpağına, dövlətinə və milli dəyərlərinə sahib çıxaraq ən böyük məqsədinə nail olub.

Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ: sülh və regional əməkdaşlıq

Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu bəyan edib. Ölkəmizin əsas məqsədi əldə edilmiş tarixi Qələbəni dayanıqlı sülhə, regional sabitliyə və iqtisadi əməkdaşlığa çevirməkdir.

2025-ci il avqustun 7-8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş və imzalanmış Birgə Bəyannamə normallaşma prosesində mühüm mərhələ oldu. Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsinin paraflanması, habelə ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı razılaşmalar Azərbaycanın uzun illər irəli sürdüyü sülh gündəliyi baxımından əhəmiyyətli nəticələrdir. 

Vaşinqton razılaşmalarında nəzərdə tutulan nəqliyyat kommunikasiyalarının açılması, xüsusilə Zəngəzur dəhlizi üzərindən Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Azərbaycanın mövqeyi aydındır: sülh qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət əsasında qurulmalıdır.

Böyük Qayıdış – Zəfərin quruculuq və inkişaf mərhələsi

Tarixi Qələbədən sonra Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, iqtisadi potensialının bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da imzaladığı Sərəncamla təsdiq edilən Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlərin əsasını təşkil edir.

Rəsmi statistikaya əsasən indiyədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 10 mindən çox ailə, ümumilikdə 41 mindən artıq əhali köçürülüb. Artıq 50-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Qarabağ və Şərqi Zəngəzurda qısa müddət ərzində ən müasir beynəlxalq standartlara uyğun infrastrukturun yaradılması, hava limanlarının, yolların, tunellərin, körpülərin, dəmir yollarının, elektrik və su təchizatı sistemlərinin qurulması, yaşayış məntəqələrinin yenidən inşası dövlətimizin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını göstərir.

2020-ci ildən 2026-cı il də daxil olmaqla azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılması bu istiqamətin dövlət siyasətindəki prioritet yerini göstərir. 2027-ci ildə isə bu məqsədlə 3,4 milyard manat vəsait nəzərdə tutulur.

Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına qayıtması deyil, həm də həyatın, iqtisadi fəaliyyətin, tarixi-mədəni irsin və milli yaddaşın dirçəldilməsidir.

Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısı

Vətən müharibəsində əldə edilmiş Zəfərin arxasında şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı dayanır. Buna görə də şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin tapşırıqları əsasında müharibədən sonrakı dövrdə şəhid ailələrinə və qazilərə genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, tibbi və sosial reabilitasiyası, müasir protez və reabilitasiya vasitələri ilə təmin olunması istiqamətində mühüm addımlar atılır.

2026-cı ilin oktyabr ayına olan məlumata görə, sosial dəstək paketi çərçivəsində şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 450 minə yaxın xidmət göstərilib, onlara 7 400-ə yaxın mənzil və 600-ə yaxın avtomobil təqdim olunub. Eyni zamanda, 106 min şəxsə 120 min aylıq sosial ödəniş təyin edilib, 31 minədək  şəxsin məşğulluğu təmin olunub.

Şəhid ailələrinin və qazilərin sosial problemlərinin həllində “YAŞAT” Fondunun fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Fond indiyədək 20 minə yaxın şəxsi öhdəliyə götürərək şəhid ailələrinin və qazilərin ehtiyaclarının qarşılanmasına 100 milyon manata yaxın vəsait yönəldib.

Vətən müharibəsinin iştirakçılarının təltif edilməsi də dövlətin qəhrəmanlara verdiyi yüksək qiymətin göstəricisidir. Prezidentin sərəncamları ilə 160 minə yaxın müharibə iştirakçısı müxtəlif orden və medallarla təltif olunub.

Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, Vətən uğrunda canından keçənlərin ailələri heç vaxt tək qalmamalı, sağlamlığını itirən qazilərimiz daim dövlət qayğısı ilə əhatə olunmalıdır.

Zəfərdən doğan yeni inkişaf mərhələsi

Bu gün Azərbaycan tarixi Qələbənin yaratdığı yeni reallıqlar əsasında inkişaf edir. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin edilməsi ölkəmizin qarşısında yeni iqtisadi, siyasi və sosial imkanlar açıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın davam etdirilməsi, yeni iqtisadi və nəqliyyat əlaqələrinin qurulması, beynəlxalq tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm istiqamətləridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”.

Bu gün azad Qarabağ və Şərqi Zəngəzurda ucalan yeni binalar, açılan məktəblər, fəaliyyətə başlayan müəssisələr, çəkilən yollar, salınan parklar və doğma yurdlarına qayıdan ailələr Zəfərin davam etdiyini nümayiş etdirir. 8 Noyabr – Zəfər Günü bizə bir daha xatırladır ki, güclü dövlət, müasir ordu, düşünülmüş strategiya, milli birlik və sarsılmaz iradə ən çətin tarixi sınaqlardan uğurla çıxmağın əsas şərtləridir.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində öz tarixini özü yazdı, öz torpaqlarını özü azad etdi və bütün dünyaya sübut etdi ki, milli iradəsi sarsılmaz olan xalq heç vaxt məğlubiyyətlə barışmır. Bu Qələbə şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın birliyi və dövlətimizin qüdrəti ilə əbədi yaşayacaq.

Beləliklə, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur, şərəf və milli ləyaqət günüdür. Bu tarix gələcək nəsillər üçün Vətən sevgisinin, qəhrəmanlığın, birliyin və dövlətə sədaqətin əbədi örnəyi olacaqdır.

Əli Hüseynli,
Milli Məclisin deputatı