05 noyabr 2026 14:06
143

Qarabağda torpaqlar 50/50 nisbətində əhaliyə və investorlara paylanır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fermerlər üçün minimum torpaq sahəsinin 5 hektar olması tələb edilir.

“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin fikrincə, azad olunmuş ərazilərdə ümumi makro aqrar siyasətə uyğun olaraq torpaqlar iki əsas istiqamət üzrə 50/50 nisbətində bölüşdürülür yəni torpaqların 50 %-inin əhaliyə öz kəndləri ətrafındakı 1-2 km radiusda parselləşdirilərək, bütün infrastruktur imkanları yaradılaraq təqdim olunması nəzərdə tutulur: "Lakin orada minimum tələb 5 hektar olaraq müəyyənləşdirilib və bu, Azərbaycanın digər regionlarında son illərdə aparılan araşdırmaların və əldə olunan təcrübənin nəticəsi olaraq belə qərara gəlinib.

Qalan 50 % isə investisiya məqsədli nəzərdə tutulub ki, bu da kəndlərdən daha uzaq ərazilərin investorlara icarəyə verilməsini əhatə edir və həmin investisiyalar müsabiqə yolu ilə reallaşdırılır. Artıq 4 müsabiqə yekunlaşıb. Bu müsabiqələrdə 500-dən artıq müraciət qeydə alınıb və təqribən 48-50 %-ə yaxın qalib seçilib. Müxtəlif sahələrdə oradakı minimum tələb 20 hektar və daha böyük sahəyə investisiya qoyuluşudur".

M. Məmmədov vurğulayıb ki, investisiyayönümlü həm heyvandarlıq, həm balıqçılıq, həm bağçılıq, həm də əkinçilik sahələri üzrə müraciətlər mövcuddur və qaliblər müəyyənləşib: "Yekun hədəfdə nəzərdə tutulan investisiya və sonradan kəndlərə təqdim edilən torpaqların 50 %-i təşkil edir. Əsas məqsəd odur ki, əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan fermer mütləq gəlir əldə etsin. Hazırda ölkə üzrə hər bir təsərrüfata düşən ortalama 1,7 hektar sahədən fermerlərimiz kifayət qədər gəlir götürə bilmirlər. Bəzi kəndlərdə ayrılan torpaq sahəsi oradakı yaşayış evlərinin sayına müvafiq deyil və ya daha az həcmdədir. Bu halda bizim təklifimiz birləşməkdir – ailə kəndli təsərrüfatlarının və ya kooperativlərin yaradılmasıdır. Xocavəndin Balıca kəndi və ya Xanyurdu kəndində fermerlərin, əslində qadın fermerlərin bir kooperativinin qurulmasının və fəaliyyətinin olduqca səmərəli olduğunu müşahidə edirik".