05 noyabr 2026 14:57
134

Vyetnam Prezidenti noyabrın 8-dən 11-dək Yaponiyaya səfər edəcək

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, ölkə Prezidenti To Lam noyabrın 8-dən 11-dək Yaponiyaya rəsmi səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Fam Txu Hanq məlumat verib.

XİN rəsmisinin sözlərinə görə, səfər iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlib. Tərəflər iqtisadiyyat, investisiya və ticarət kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.

"Ümid edirik ki, bu səfər tərəflərin üzərinə götürdükləri öhdəliklərin daha miqyaslı və səmərəli icrası mərhələsinə keçilməsinə güclü təkan verəcək, ikitərəfli münasibətlərin inkişafına, eləcə də regional və qlobal sülhə praktiki töhfə verəcək", — deyə o əlavə edib.

Vyetnam və Yaponiya 1973-cü ildə diplomatik münasibətlər qurub və 2023-cü ildə bu münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar. Yaponiya Vyetnamın əmək resursları sahəsində əməkdaşlıq üzrə ən böyük tərəfdaşı, üçüncü ən vacib investoru, turizm və ticarət sahələrində isə dördüncü ən böyük tərəfdaşıdır. İkitərəfli ticarət dövriyyəsi 2025-ci ilin yekunlarına görə 51.43 milyard dolları ötüb, bu ilin ilk doqquz ayında isə 15% artaraq 43.7 milyard dollara çatıb.