Ağdaş rayon İcra Hakimiyyəti, YAP Ağdaş rayon təşkilatı və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin əbədi izi” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Vətən müharibəsində qazanılmış tarixi Zəfəri əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə ilk olaraq çıxış edən Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Mirvari Ağayeva Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə xalqımızın milli birliyinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsidir. Çıxışında şəhidlərin müqəddəs xatirəsinin daim yaşadılmasının, qazilərin fədakarlığının yüksək qiymətləndirilməsinin hər birimizin mənəvi borcu olduğunu diqqətə çatdırıb.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxışında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının milli birliyinin, dövlətimizin qüdrətinin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipial mövqeyi və Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğı sayəsində xalqımız uzun illər həsrətində olduğu tarixi Qələbəyə qovuşub. Şanlı zəfərimiz Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın sarsılmaz iradəsini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirib.
Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Novruzova isə çıxışında Zəfər Gününün gənc nəslin vətənpərvərlik tərbiyəsində oynadığı mühüm rola toxunub. O vurğulayıb ki, gənclər Azərbaycanın şanlı tarixini, şəhidlərimizin qəhrəmanlığını və qazilərimizin fədakarlığını dərindən bilməli, bu dəyərləri gələcək nəsillərə ötürməlidirlər. Qalib ölkənin gəncləri olaraq hər bir gəncin üzərinə dövlətimizin inkişafına töhfə vermək, milli-mənəvi dəyərlərimizi qorumaq və Vətənə layiqli vətəndaş olmaq kimi mühüm vəzifələr düşür.
Tədbirdə çıxış edən şəhid valideynləri Vətən uğrunda canlarından keçmiş övladlarının döyüş yollarından və əziz xatirələrindən bəhs edib, dövlətin onlara göstərdiyi diqqət-qayğıdan söz açıblar.
Həmçinin kollecin müəllimləri Şölə Fərmanlı və Humay Baxşəliyeva çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, Vətən müharibəsinin xalqımızın milli yaddaşında tutduğu xüsusi yer və Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıblar.
Tədbirin bədii hissəsində tələbələrin ifasında Zəfər Gününə həsr olunmuş bədii kompozisiya nümayiş etdirilib. Vətən sevgisini, qəhrəmanlıq salnaməmizi və Zəfər sevincini özündə əks etdirən kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
“Mastercard” “TəhsilPlus” proqramı vasitəsilə Azərbaycanda müəllimlərin gündəlik həyatını daha da asanlaşdırır
Onlayn təhsilin görünməyən tərəfi: təhsil alanların təqribən 60%-i kibertəhlükələrlə üzləşib