Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “44” bədii filminin kollektiv izlənilməsi keçirilib. Film Sumqayıtda fəaliyyət göstərən Nizami kinoteatrında nümayiş olunub. Tədbirdə təşkilatın sədri Ramiz Hüseynov, aparatın əməkdaşları və partiya fəalları iştirak ediblər.
“İki sahil” xəbər verir ki, tədbir Zəfər Günü ərəfəsində, Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əziz tutulduğu günlərdə təşkil olunub.
Bir kursantın gözü ilə təqdim edilən film qəhrəmanlıq və məhəbbət dramıdır. Xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan nəslin ruhu, iradəsi və fədakarlığı əks olunur. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdemir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır. Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq, filmdə gərgin hərbi əməliyyatlar canlandırılır.
“44” yalnız müharibə haqqında film deyil. O, qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və torpaqlarının azadlığı uğrunda sona qədər mübarizə aparan Azərbaycan xalqının hekayəsidir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, düşünülmüş strateji rəhbərliyinin, möhtəşəm Azərbaycan Ordusunun igidliyinin və xalqın birliyinin nəticəsidir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri olub və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun məntiqi nəticəsidir.
Zəfərin mənəvi və siyasi irsinin qorunması, şəhid ailələrinə və qazilərə qayğının davamlı olması, işğaldan azad edilmiş ərazilərdə quruculuq və Böyük Qayıdış proqramının dəstəklənməsi hər bir vətəndaşın, o cümlədən partiya üzvlərinin üzərinə düşən məsuliyyətdir. Gənc nəslin Vətənə sevgi, milli-mənəvi dəyərlərə sədaqət və dövlətçilik ruhunda tərbiyəsi xüsusi önəm daşıyır.
“44” kimi filmlər Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasında, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm əhəmiyyət daşıyır.
“Mastercard” “TəhsilPlus” proqramı vasitəsilə Azərbaycanda müəllimlərin gündəlik həyatını daha da asanlaşdırır
Onlayn təhsilin görünməyən tərəfi: təhsil alanların təqribən 60%-i kibertəhlükələrlə üzləşib