05 noyabr 2026 16:08
159

“AI for Engineers” proqramı çərçivəsində təlimlərə start verilib

4SİM və “Holberton School Azerbaijan”ın birgə təşkilatçılığı ilə həyata keçirilən proqram çərçivəsində 30 iştirakçı proqram mühəndisliyində süni intellekt texnologiyalarının praktiki tətbiqi üzrə bilik və bacarıqlarını inkişaf etdirəcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Holberton School Azerbaijan”ın birgə təşkilatçılığı ilə “AI for Engineers” təlim proqramına start verilib.

Proqrama qoşulmaq üçün 170-dən çox müraciət daxil olub. Açıq seçim prosesi nəticəsində namizədlərin texniki bacarıqları, “GitHub” profilləri, əvvəlki layihələri və motivasiyaları qiymətləndirilib və 30 nəfər proqramda iştirak hüququ qazanıb.

Proqramın açılışında 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov süni intellektin sürətli inkişafının əmək bazarında mühəndislərdən yeni bilik və bacarıqlar tələb etdiyini bildirib. Qeyd olunub ki, proqramın məqsədi gənc mütəxəssislərin süni intellekt alətlərindən proqram mühəndisliyində praktiki istifadə bacarıqlarını inkişaf etdirmək və onların rəqabət qabiliyyətini artırmaqdır. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində rəqəmsal bacarıqların və yüksək ixtisaslı insan kapitalının inkişafı əsas istiqamətlərdən biri olduğu vurğulanıb.

“Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə, layihə əsaslı və praktiki öyrənmə modelinin iştirakçılara süni intellekt texnologiyalarını real tapşırıqlar üzərində tətbiq etmək imkanı yaradacağını bildirib. 14 günlük proqram iki mərhələdən ibarətdir. İlk 6 gün ərzində iştirakçılar intensiv praktiki təlimlərdə iştirak edəcəklər. Növbəti 8 gün ərzində isə mentorların dəstəyi ilə komandalar şəklində layihələr hazırlayaraq əldə etdikləri bilikləri praktikada tətbiq edəcəklər.

Proqram iştirakçıları bakalavriat pilləsinin son mərhələsində təhsil alan tələbələr, yeni məzunlar və karyerasının ilkin mərhələsində olan mütəxəssislər arasından seçilib.

Təlimlər əyani formatda “Holberton School Azerbaijan”da keçirilir və iştirakçılar üçün ödənişsizdir.

Qeyd edək ki, “AI for Engineers” proqramı “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın qlobal İKT sənayesinin liderləri ilə təlim düşərgələrinin təşkilini nəzərdə tutan tədbirinin icrası çərçivəsində həyata keçirilir.