06 noyabr 2026 01:25
93

Zəngəzur dəhlizi: Layihədən reallığa...

Azərbaycan Prezidenti İlham Əliyev Avropanı Asiya ilə birləşdirəcək nəhəng layihənin təşəbbüskarı kimi bu yolun açılması üçün sarsılmaz iradə nümayiş etdirdi. Azərbaycan nümunə olaraq öz üzərinə götürdüyü öhdəlikləri birinci olaraq yerinə yetirdi. Ancaq keçən illərdə çaşqınlıq göstərən Ermənistan rəhbərləri Zəngəzur dəhlizinin tez bir zamanda açılması üçün gözləmə mövqeyində duraraq heç bir iş görmədilər. Düzdür, burada xarici təsirlər də oldu, lakin baş nazir Nikol Paşinyan və komandası  qətiyyət göstərmədilər.

Xatırladaq ki, bu yeni siyasi reallığın formalaşmasında Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi möhtəşəm Qələbə və Cənubi Qafqaz regiononda yaratdığı yeni geosiyasi nizam həlledici rol oynayıb. Əvvəllər İrəvanda layihəyə şübhə ilə yanaşanlar, ona alabəzək rənglər vuran bəzi dairələr nəhayət, anladılar ki, bu, sülh yoludur, təhlükəsizlik və iqtisadi inkişaf yoludur. Onun çəkilişini gecikdirkək ölkənin inkişafını ləngitmək və blokadad qalmaqdır. Ermənistan rəhbərliyi artıq başa düşür ki, Cənubi Qafqazda davamlı inkişaf və təhlükəsizlik qarşılıqlı əməkdaşlıqdan, kommunikasiya xətlərinin açılmasından və siyasi münasibətlərin normallaşmasından keçir. Bir neçə gün əvvəl xarici işlər naziri Ararat Mirzoyan xarici səfərlərindən birində Tramp marşrutunu yüksək qiymətləndirərək bildirib ki, bu yol ölkəsini blokadadan çıxaracaq, ona böyük iqtisadi gəlirlər gətirəcək və asılılıqdan qurtaracaq.

Ermənistanın baş naziri Nikol Paşinyanın Cənubi Qafqaz ölkələrinin müəyyən fərqliliklərinə baxmayaraq, ortaq siyasi və xarici siyasət maraqlarının mövcudluğunu vurğulaması da diqqətəlayiqdir. Bu yanaşma region dövlətlərinin təhlükəsizlik və geosiyasi maraqlarının müəyyən istiqamətlərdə üst-üstə düşdüyünü göstərir. Xüsusilə Rusiya və İranın Cənubi Qafqazla bağlı siyasətindən irəli gələn risklərin regional dövlətlər üçün ortaq çağırışlar yaratması bu əməkdaşlığın əhəmiyyətini artırır.

Bütün bunlar müsbət tendensiya kimi qiymətləndirilməlidir: Ermənistan rəhbərliyi regiondakı yeni geosiyasi reallıqları daha obyektiv təhlil etməyə və praktik qərarlar qəbul etməyə başlayır. Nikol Paşinyanın Brüsseldə Cənubi Qafqazın gələcəyi ilə bağlı verdiyi açıqlamalar Ermənistanın yekun sülh müqaviləsinə və regional əməkdaşlığa münasibətində müsbət dəyişikliklərin baş verdiyini göstərir. Ölkə rəhbərliyi yolda işlərin sürətləndirilməsini prioritet məsələlərdən biri kimi dəyərləndirməyə başlayıb. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı baş nazir Paşinyanın mövqeyindəki dəyişikliklər də Ermənistanın layihənin reallaşdırılmasına əvvəlki dövrlə müqayisədə daha praqmatik yanaşdığını nümayiş etdirir. Bu proseslərin davam etməsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistan bu yolla həm xarici ticarətini genişləndirəcək, həm də külli miqdarda vəsait qazanacaq.

Bütün bunlarla bərabər, Zəngəzur dəhlizi Ermənistanın təhlükəsizliyi üçün sipər rolunu oynayacaq. Rifah yolundan istifadə edən dövlətlər Ermənistanı mümkün təhlükə törədən risqlərdən qoruyacaq. Bu isə zəif bir dövlətin böyük uğuru, inkişafı və müstəqilliyi üçün ən vacib amildir.

Vəli İlyasov, “İki sahil”