Hər bir tarixi qələbənin hərbi və siyasi səbəbləri olduğu kimi, onun mənəvi əsasları da mövcuddur. Dövlətin iqtisadi imkanları, ordunun gücü və siyasi rəhbərliyin qətiyyəti mühüm amillərdir. Lakin cəmiyyəti vahid məqsəd ətrafında birləşdirən, insanları ən çətin sınaqlar qarşısında həmrəy edən dəyərlər olmadan uzunmüddətli milli hədəflərə nail olmaq olduqca çətindir.
Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər bu həqiqəti bir daha təsdiqlədi. Vətən müharibəsində nümayiş etdirilən ümummilli birlik təsadüfən yaranmamışdı. Onun əsasında onilliklər ərzində formalaşmış milli şüur, dövlətçilik ənənələri və Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq məfkurəsi dayanırdı.
Azərbaycançılıq – milli birliyin ideoloji əsası
Azərbaycançılıq məfkurəsinin tarixi əhəmiyyətini anlamaq üçün onun formalaşdığı dövrün siyasi və ictimai reallıqlarına nəzər salmaq kifayətdir. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyinin itirilməsi təhlükəsi, siyasi qeyri-sabitlik, xarici təcavüz və dərin ictimai böhranla üzləşmişdi. Belə bir şəraitdə dövlətin möhkəmləndirilməsi yalnız siyasi və iqtisadi tədbirlərlə məhdudlaşa bilməzdi. Cəmiyyətin vahid milli ideya ətrafında birləşdirilməsi həyati zərurətə çevrilmişdi.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində azərbaycançılıq məhz bu birləşdirici ideya kimi mühüm yer tuturdu. Bu məfkurənin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan dövləti burada yaşayan bütün vətəndaşların ortaq Vətənidir. Etnik mənşəyindən, dilindən və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş dövlətimizin gələcəyinə görə eyni mənəvi məsuliyyəti daşıyır. Beləliklə, milli müxtəliflik parçalanma amilinə deyil, ümumi dövlətçilik şüurunu gücləndirən dəyərə çevrildi.
Vətən müharibəsində milli birliyin real gücü
2020-ci ilin payızında azərbaycançılıq məfkurəsinin praktiki nəticələrini bütün dünya gördü. Cəbhədə ölkəmizin müxtəlif bölgələrindən olan, fərqli etnik və dini mənsubiyyətə malik vətəndaşlarımız çiyin-çiyinə döyüşürdülər. Onların hər birini birləşdirən eyni məqsəd — Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Bu birlik yalnız hərbi əməliyyatların aparıldığı ərazilərdə deyil, bütün cəmiyyətdə özünü göstərirdi. İnsanların könüllü olaraq cəbhəyə yollanmaq arzusu, ordumuza göstərilən dəstək, arxa cəbhədə nümayiş etdirilən həmrəylik və qarşılıqlı yardım ümummilli iradənin təzahürü idi. Vətən müharibəsi sübut etdi ki, milli birlik sadəcə siyasi çıxışlarda səslənən anlayış deyil. O, həlledici tarixi məqamlarda dövlətin real güc mənbəyinə çevrilir.
Bu prosesdə dünya azərbaycanlılarının həmrəyliyi də xüsusi əhəmiyyət daşıdı. Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasəti müharibə dövründə informasiya müstəvisində aparılan mübarizədə, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz nəticələrini göstərdi. Beləliklə, 44 günlük müharibə milli həmrəyliyin həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda nə qədər mühüm potensiala malik olduğunu nümayiş etdirdi.
Tarixi yaddaş və nəsillərarası mənəvi bağlılıq
Azərbaycançılıq məfkurəsinin ən böyük tarixi xidmətlərindən biri Qarabağ ideyasının nəsillər boyunca yaşadılması oldu. Təxminən 30 illik işğal dövründə Qarabağı heç vaxt görməmiş bütöv bir nəsil yetişdi. Lakin doğma torpaqların azadlığı bu gənclər üçün uzaq tarixin bir parçasına çevrilmədi. Ailədə eşitdikləri xatirələr, məktəbdə öyrəndikləri tarix, milli ədəbiyyat və mədəniyyət onların düşüncəsində Qarabağı Vətənin ayrılmaz hissəsi kimi yaşatdı. 2020-ci ildə həmin gənclərin bir çoxu döyüş meydanında qəhrəmanlıq göstərdi. Onlar bəzən heç vaxt görmədikləri kəndlər, şəhərlər və torpaqlar uğrunda canlarından keçdilər. Bu, milli yaddaşın, vətənpərvərlik tərbiyəsinin və nəsillərarası mənəvi bağlılığın nə qədər güclü olduğunu nümayiş etdirdi.
Bu gün şəhidlərimizin xatirəsinin yaşadılması, onların ailələrinə göstərilən diqqət və qayğı, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur. Lakin tarixi yaddaşı qorumaq yalnız keçmiş hadisələri xatırlamaq demək deyil. Əsl məsələ həmin hadisələrdən gələcək üçün düzgün nəticələr çıxarmaqdır. Bu baxımdan azərbaycançılıq məfkurəsi bu gün yeni tarixi mərhələyə qədəm qoyur. Əgər əvvəllər milli ideyamızın mühüm istiqaməti torpaqlarımızın azadlığı idisə, bu gün həmin torpaqlarda həyatın bərpası, dövlətimizin daha da gücləndirilməsi, təhsilin, elmin və mədəniyyətin inkişafı yeni ümummilli vəzifələr kimi ön plana çıxır.
Yeni nəslin qarşısında artıq başqa bir tarixi məsuliyyət dayanır: müstəqilliyi və suverenliyi qorumaqla yanaşı, Azərbaycanı daha inkişaf etmiş, müasir və rəqabətqabiliyyətli dövlətə çevirmək. Zəfər göstərdi ki, milli ideyanın gücü yalnız xalqı bir məqsəd uğrunda birləşdirməsində deyil, həmin məqsədə nail olduqdan sonra da onu gələcəyə aparan mənəvi istiqamət olaraq qalmasındadır.
Sevinc Fətəliyeva,
Milli Məclisin deputatı