Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatında 8 Noyabr – Zəfər Günü münasibəti ilə bir qrup partiya fəalı ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev Zəfər Günü ilə əlaqədar partiya fəallarını təbrik edib. Vurğulanıb ki, bu möhtəşəm Qələbə xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin, dövlətimizin gücünün və tarixi ədalətin bərpasının təntənəsidir. Şanlı Zəfər Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı, milli qürurun və dövlətçilik əzminin ən parlaq ifadəsidir.
M.Yolçiyev qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk YAP Qurultayındakı çıxışında partiya üzvləri qarşısında mühüm vəzifələr müəyyənləşdirib.
Partiya fəalları Sevil Ələsgərova, Nailə Məmmədova və Samir Həsənov çıxışlarında bildiriblər ki, tarixi Zəfər xalqımızın birliyini, gücünü və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirib. Diqqətə çatdırılıb ki, əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlətimizin müstəqilliyini və suverenliyini daha da möhkəmləndirməkdir.