06 noyabr 2026 18:57
123

Zəfər tariximiz, qürurumuz və birliyimiz

8 Noyabr – Zəfər Günü münasibətilə SOCAR Kompleks Qazma İşləri Trestinin Həmkarlar İttifaqı Komitəsi və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “Zəfər tariximiz, qürurumuz və birliyimiz” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə SOCAR Kompleks Qazma İşləri Trestinin Həmkarlar İttifaqı Komitəsinin, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və Trest üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Zəfər tariximiz, qürurumuz və birliyimiz” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə veteranları, qazilər, YAP nümayəndələri, millət vəkili və Trestin əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfərin əhəmiyyəti vurğulanıb.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışında Zəfər Gününün Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və həmrəyliyinin təntənəsi olduğunu qeyd edib. O, şəhidlərin qəhrəmanlığının heç zaman unudulmayacağını, onların ailələrinə göstərilən diqqət və qayğının dövlət və cəmiyyət qarşısında mühüm mənəvi məsuliyyət olduğunu bildirib.

Milli Məclisin deputatı Samir Vəliyev çıxışında tarixi Qələbənin Azərbaycanın müasir tarixindəki müstəsna yerindən bəhs edib. O, milli birliyin və vətənpərvərlik ruhunun qorunmasının, Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

SOCAR Kompleks Qazma İşləri Trestinin müdiri Rəşad Əsgərov çıxışında Zəfərin əldə olunmasında şəhid və qazilərin misilsiz xidmətlərini xüsusi vurğulayıb. O, Trest kollektivinin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi ehtiramdan danışaraq bildirib ki, müəssisədə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin 28 ailəsi, hər iki müharibənin 166 iştirakçısı təmsil olunur. Qeyd edib ki, bu insanlar kollektiv üçün yalnız əməkdaş və ailə üzvləri deyil, həm də Vətənə sədaqət və fədakarlıq nümunəsidir.

Tədbir çərçivəsində vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim olunub. Azərbaycan Respublikasının Xalq artisti, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Samir Cəfərovun ifasında səslənən musiqilər iştirakçılara Zəfər sevincini və Vətənə bağlılıq duyğularını bir daha yaşadıb.

Tədbir şəhidlərin əziz xatirəsinə ehtiram, qazilərə minnətdarlıq və milli birlik çağırışları ilə yadda qalıb.