09 noyabr 2026 08:35
131

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Artıq üçüncü aydır ki, Fransada xaos və anarxiya ilə müşahidə olunan kütləvi aksiyalar davam edir. Polis ilə aksiya iştirakçıları arasında baş verən qarşıdurmada yüzlərlə yaralanan, həbs olunan və ölənlər var.

“İki sahil” xəbər verir ki, noyabrın 7-8-də baş verən aksiyalarda 600-dən çox aksiya iştirakçısı həbs edilib. Fransanın Marsel, Paris, Lion və digər böyük şəhərlərində keçirilən aksiya iştirakçıları kütləvi aksiyaları davam etdirəcəklərini bildiriblər.

Bəs Fransada aksiyalar niyə başa çatmır? Bu sualı verən Avropa mətbuatı qeyd edir ki, Fransada baş verənlər artıq sadəcə hökumətin qərarlarına etiraz xarakterli deyil, böyük miqyasda iqtisadi, siyasi və sosial böhranın baş verdiyini göstərir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Fransa hakimiyyətinin bu sosial böhrandan çıxmaq üçün nə planı, nə də yol xəritəsi var. Etiraz edənlərin qarşısına heç bir hakimiyyət nümayəndəsi çıxıb çıxış yolunu açıqlamır.

Fransa hökumətinin tez-tələsik qəbul etdiyi qərarlar nəinki etirazçıları sakitləşdirir, əksinə daha da qızışdırır ki, bu da həmin qərarların qeyri-peşəkarlıqla qəbul edildiyini və səmərəli olmadığını göstərir. Fransanın maliyyə resursları və büdcəsi tələblərin yerinə yetirilməsinə imkan vermir.

“Fortune” nəşrinin məlumatına əsasən, Fransanın dövlət borcu ümumi daxili məhsulun 126 faizini təşkil edir. Belə olan halda hökumət ilk dəfə aksiyalara başlayan və təhsilin keyfiyyətinin yüksəldilməsini tələb edən tələbələrin sadə tələblərini yerinə yetirə bilmir. Tələbələrin tələbi isə doğurdan da çox sadədir. Sentyabr ayında etiraz edən tələbələr müəllim çatışmazlığını, məktəblər və ali təhsil müəssisələrində sanitar və gigiyena problemlərinin aradan qaldırılmasını tələb edirdilər. Bu sadə tələbləri ödəyə bilməyən hökumət həmkarlar ittifaqlarının əmək haqlarının artırılması, inflyasiyanın qarşısının alınması tələblərini ümumiyyətlə yerinə yetirə bilməz.

Məlum oldu ki, Fransa Prezidenti Emmanuel Makron hakimiyyəti dövründə nəinki heç bir vədini yerinə yetirməyib, əksinə səmərəsiz idarəçiliklə ölkəni uçuruma gətirib çıxarıb.

Həyat səviyyəsinin gündən-günə pisləşməsi, gələcəyə ümidin itməsi, az maaş, enerji və istehlak mallarının bahalaşması insanlarda perspektivdə yaxşı günlərin olmayacağı qənaətini formalaşdırıb ki, bu da obyektiv xarakter daşıyır. Aksiya iştirakçıları hesab edirlər ki, hakimiyyət xalqın problemlərinə biganə yanaşır və onları həll etmək iqtidarında deyil. Kütlələrin bu düşüncəsi artıq Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub.

Qərb analitikləri bildirirlər ki, Fransa qeyri-adi vəziyyətlə üz-üzə qalıb. Cəmiyyət ilə dövlət arasındakı qarşılıqlı etimad dərin böhran içindədir və bunun düzəlməsi olduqca çətin məsələdir. Aksiyalarda Prezident Makronun istefası da tələb olunur. Lakin hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq tez bir zamanda vəziyyətin düzələcəyinə heç bir ümid yoxdur. Fransa dövlətçiliyi üçün təhlükəli məsələ ondan ibarətdir ki, aksiyalara cəmiyyətin bütün təbəqələri qoşulub. Təqaüdçülər, tələbələr, fəhlələr, ziyalılar, fermerlər, hətta məktəblilərin də qoşulduğu aksiyalarda müxtəlif tələblər irəli sürülür. Bütün bunlar isə Fransanın bataqlığın içinə düşdüyünü göstərir və buradan çıxış yolunu heç kim tapa bilmir.

Qeyd etmək lazımdır ki, 2027-ci ildə Fransada prezident seçkiləri keçiriləcək. Dərin böhran yaşayan bir ölkədə belə böyükmiqyaslı siyasi tədbirin necə keçiriləcəyi, namizədlərin nədən danışacaqları və nələri söz verəcəkləri açıq qalır. Lakin bir məsələ aydındır ki, cəmiyyət artıq nəinki siyasətçilər və siyasi partiyalara, ümumilikdə dövlətə inam ifadə etmir ki, bu da seçkilərin baş tutacağını şübhə altına salır.