Filmin nümayişi Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biri olan Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini bir daha xatırlamaq, Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətini dərindən dərk etmək, eləcə də milli-mənəvi dəyərlərə bağlılığı və vətənpərvərlik ruhunu daha da gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyıb.
“44” bədii-sənədli filmi 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin gedişini, Azərbaycan əsgər və zabitlərinin misilsiz şücaətini, xalqımızın sarsılmaz birliyini, Vətən sevgisini və azadlıq uğrunda mübarizəsini kino sənətinin imkanları vasitəsilə tamaşaçılara çatdırır. Ekran əsəri müharibənin ağır sınaqlarını, xalqımızın qələbə əzmini və tarixi ədalətin bərpası naminə göstərilən fədakarlığı dolğun şəkildə əks etdirir.
Filmdə səslənən “Yurdun sahibləri qayıdır”, “Şuşa bizi gözləyir”, “Vətənimiz uğrunda, Azərbaycanımız uğrunda” kimi çağırışlar xalqımızın illərlə qəlbində yaşatdığı azadlıq və doğma torpaqlara qayıdış arzusunun, Vətənə sonsuz məhəbbətinin və milli birliyinin ifadəsi kimi xüsusi emosional təsir bağışlayır.
Ekran əsərində yer alan “Əsir torpağın gözyaşı zəfərlə silinər” ifadəsi isə 44 günlük Vətən müharibəsinin mahiyyətini, xalqımızın sarsılmaz iradəsini və tarixi ədalətin bərpası uğrunda apardığı mübarizəni dərin məna ilə ifadə edir.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əsasını təşkil edən mühüm amillərdən biri də xalqımızın və dövlətimizin “Dəmir yumruq” kimi səciyyələndirilən sarsılmaz birliyi və həmrəyliyi olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan xalqı və Ordusu vahid amal – Vətənin ərazi bütövlüyünün bərpası naminə bir yumruq kimi birləşərək tarixi missiyanı uğurla həyata keçirib. “Dəmir yumruq” ifadəsi bu gün Azərbaycan xalqının milli birliyinin, dövlət iradəsinin, gücünün və yenilməz ruhunun rəmzi kimi xüsusi məna daşıyır.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoyub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası təmin edilib. 8 Noyabr – Zəfər Günü isə Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Azərbaycan xalqının milli qürurunun, birliyinin və dövlətçilik iradəsinin rəmzinə çevrilib.
Filmin kollektiv tərəfindən izlənilməsi, eyni zamanda, Vətən müharibəsində nümayiş etdirilən qəhrəmanlığın, şəhidlərimizin fədakarlığının və qazilərimizin şücaətinin unudulmamasına, tarixi yaddaşın qorunmasına və gələcək nəsillərə ötürülməsinə verilən dəyərin ifadəsi olub. Belə tədbirlər əməkdaşların milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, dövlətçilik ənənələrinə hörmət və Vətənə sədaqət hisslərinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı təbrik edir, Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlığını bildirir.
Yurdun sahibləri qayıtdı, Şuşa öz azadlığına qovuşdu, Azərbaycan öz tarixi Zəfərini qazandı!
Dəmir yumruq birliyimizin, Zəfərimiz isə milli qürurumuzun rəmzidir!