Yaponiya hökuməti ölkənin Hərbi Dəniz Qüvvələrinin atom sualtı qayıqları ilə təchiz edilməsi məsələsinin rəsmi müzakirəsinə başlamaq niyyətindədir. Bu barədə müddəanın dekabrda qəbul edilməsi planlaşdırılan təhlükəsizlik üzrə baza sənədlərinə daxil edilməsi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bu barədə "Asahi" qəzeti məlumat yyaıb.
Qəzetin məlumatına görə, hazırkı mərhələdə atom sualtı qayıqlarının tikintisi haqqında artıq qəbul edilmiş qərarı elan etməmək qərara alınıb. Bu mövzu yetərincə böyük sayda problemlər nəzərə alınmaqla növbəti araşdırmaları tələb edəcək.
Hökumətdən qeyd edirlər ki, atom sualtı qayıqları Yaponiya HDQ-nin Cənubi Çin və Filippin dənizlərində, Tayvan rayonunda apardığı döyüş növbətçiliyinin müddətini dəfələrlə artırmağa imkan verəcək. Onları həmçinin ən yeni uzaq mənzilli raketlərin şaquli buraxılışı üçün qurğularla təchiz etmək mümkündür.
Lakin ölkə HDQ-sinə ən azı üç atom sualtı qayığı lazım gələcək ki, onların da hər biri təxminən 1 trilyon iyenə (6.3 milyard dollardan çox) başa gələcək. Ən müasir dizel-elektrik sualtı qayığının qiyməti isə təxminən 700 milyard iyendir (təxminən 4.4 milyard dollar). Atom sualtı qayıqlarının saxlanılması, heyətin hazırlanması da daxil olmaqla, əhəmiyyətli xərclər tələb edəcək. Bundan əlavə, onların tikintisinə və lazımi infrastrukturun hazırlanmasına ən azı 10 il vaxt lazım olacaq.