11 noyabr 2026 11:52
81

Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdışın təmin olunması və həmin ərazilərdə dayanıqlı yaşayış şəraitinin yaradılması dövlət büdcəsinin mühüm istiqamətləri sırasında yer alır. Bütün bunlar nəzərə alınaraq müdafiə və milli təhlükəsizlik xərcləri üçün cari ildən 100 milyon manat çox, mütləq rəqəmlə isə 8,8 milyard manat vəsait nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deyib.

O bildirib ki, həm uzunmüddətli xidmət keçmiş hərbi qulluqçuların mənzillə təminatı, həm də kirayədə yaşayan və yaşayış sahəsi olmayan hərbi qulluqçulara kompensasiyaların ödənilməsi üçün cəm olaraq 30 milyon manatadək vəsait ayrılması nəzərdə tutulub. “Həmçinin əsaslı xərclər bölməsində də müdafiə sahəsinə 4 milyard manat yönəldiləcək. Digər mühüm istiqamət məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının fəaliyyətinin maliyyələşdirilməsidir. Bu sahələr üzrə nəzərdə tutulan vəsaitlər qanunun aliliyinin təmin edilməsi, hüquqi təhlükəsizliyin möhkəmləndirilməsinə, eləcə də vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edir”, - deyə Z.Əsgərov qeyd edib.