11 noyabr 2026 12:59
129

Konstitusiya milli dövlətçilik ənənələri ilə ümumbəşəri dəyərlərin vəhdətini əks etdirir

12 noyabr Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yeri olan, müstəqilliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan əlamətdar gündür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi-siyasi sisteminin formalaşmasına, demokratik dövlət quruculuğunun əsas prinsiplərinin müəyyənləşdirilməsinə möhkəm zəmin yaratdı. Bu tarixi sənəd, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin, zəngin dövlətçilik təcrübəsinin və müstəqil Azərbaycanın gələcəyinə hesablanmış strateji düşüncəsinin parlaq təcəssümü idi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanması qarşıda duran ən mühüm vəzifələrdən birinə çevrilsə də, 1991–1993-cü illərdə ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda mübarizə və idarəçilik sistemindəki ciddi problemlər bu prosesin həyata keçirilməsinə imkan vermirdi. Dövlətçiliyin əsaslarının zəiflədiyi, ictimai-siyasi sabitliyin pozulduğu bir şəraitdə ölkənin gələcək inkişafını təmin edəcək hüquqi sənədin hazırlanması üçün, ilk növbədə, güclü siyasi iradəyə və sabit idarəçilik sisteminə ehtiyac var idi. Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin edildi, dövlət institutlarının möhkəmləndirilməsi, hüquqi islahatların həyata keçirilməsi və yeni Konstitusiyanın hazırlanması üçün zəruri şərait formalaşdı. Beləliklə, müstəqil Azərbaycanın ilk Əsas Qanununun qəbuluna aparan yolun təməli qoyuldu.

1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 91,9 faizinin Konstitusiyanın lehinə səs verməsi xalqın yeni dövlətçilik modelinə, müstəqilliyin möhkəmləndirilməsinə və gələcək inkişaf strategiyasına dəstəyinin aydın ifadəsi idi. Əsas Qanun demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental prinsiplərini, hakimiyyət bölgüsünün hüquqi əsaslarını, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlarını müəyyənləşdirdi. Eyni zamanda, milli dövlətçilik ənənələrini ümumbəşəri dəyərlərlə uzlaşdıraraq Azərbaycanın müasir inkişaf modelinin möhkəm hüquqi bazasını yaratdı. Bu sənəd müstəqil dövlətimizin yalnız həmin dövr üçün deyil, uzunmüddətli perspektivdə də inkişaf istiqamətlərini müəyyən edən mühüm tarixi qərar oldu.

Konstitusiyanın başlıca üstünlüklərindən biri insan hüquq və azadlıqlarına verdiyi xüsusi önəm, onların qorunmasını dövlətin ali məqsədlərindən biri kimi müəyyənləşdirməsidir. Vətəndaşların hüquq bərabərliyi, söz və fikir azadlığı, mülkiyyət hüququ, sosial təminat, vicdan azadlığı və digər fundamental hüquqlar Əsas Qanunda geniş şəkildə təsbit olunaraq dövlət siyasətinin mühüm istiqamətlərinə çevrildi. Sonrakı illərdə ümumxalq səsvermələri yolu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər isə ölkənin inkişafından irəli gələn yeni tələblərin hüquqi müstəvidə əks olunmasına, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsi təminatlarının genişləndirilməsinə xidmət etdi. Bu proses Konstitusiyanın dəyişən ictimai-siyasi reallıqlara uyğunlaşmaq imkanlarını və dövlətçiliyin davamlı inkişafındakı rolunu bir daha nümayiş etdirdi.

Əsas Qanunun qəbulundan ötən dövr ərzində Azərbaycanda hüquqi dövlətçilik ənənələrinin formalaşması və möhkəmlənməsi ölkənin siyasi, iqtisadi və sosial həyatında əsaslı dəyişikliklərlə müşayiət olunub. Dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsindən vətəndaşların hüquqlarının müdafiəsinə, milli maraqların qorunmasından qanun qarşısında bərabərlik prinsipinin təmin edilməsinədək geniş sahələri əhatə edən Konstitusiya dövlətlə cəmiyyət arasında münasibətlərin əsas tənzimləyicisinə çevrilib. Onun müəyyən etdiyi hüquqi prinsiplər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, ictimai məsuliyyətin artırılmasına və vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfə verib. Bu mənada Konstitusiya yalnız mövcud dövlət idarəçiliyinin hüquqi əsaslarını müəyyənləşdirən sənəd deyil, həm də gələcək nəsillərin azad, təhlükəsiz və demokratik cəmiyyətdə yaşamasının təminatıdır.

Bu gün Azərbaycan Konstitusiyası ölkəmizin bütün ərazisində tam hüquqi qüvvəyə malikdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu. Bununla da ölkəmizin bütün ərazilərində konstitusion quruluşun bərpası təmin edildi, dövlət hakimiyyətinin vahid hüquqi əsaslarla həyata keçirilməsi üçün tarixi şərait yarandı. Bu nailiyyət müstəqil dövlətçiliyimizin ən mühüm səhifələrindən biri olmaqla yanaşı, Konstitusiyanın müəyyən etdiyi prinsiplərin ölkənin bütün ərazisində reallaşdırılması baxımından da müstəsna əhəmiyyət daşıyır.

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi Əsas Qanunun qəbulunun 30 illiyinə və dövlət suverenliyimizin tam bərpasına verilən yüksək siyasi və tarixi qiymətin ifadəsi idi. Bu qərar Konstitusiyanın dövlətçilik tariximizdəki müstəsna rolunu bir daha ön plana çıxarmaqla yanaşı, hüquqi dövlət quruculuğu sahəsində əldə edilmiş nailiyyətlərin, milli suverenliyin və konstitusion dəyərlərin cəmiyyətdə daha dərindən dərk olunmasına xidmət etdi. İl ərzində keçirilən tədbirlər Əsas Qanunun mahiyyətinin, onun təsbit etdiyi hüquq və azadlıqların, dövlət idarəçiliyindəki rolunun geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Eyni zamanda, bu təşəbbüs Konstitusiya ilə suverenlik arasında mövcud olan ayrılmaz bağlılığı, dövlət müstəqilliyinin hüquqi əsaslarının qorunmasının milli inkişaf üçün vacibliyini bir daha nümayiş etdirdi.

Bu gün Konstitusiya Azərbaycanın dövlət idarəçiliyinin hüquqi çərçivəsini müəyyənləşdirməklə yanaşı, milli birliyimizin, müstəqilliyimizin və gələcəyə inamımızın əsas dayaqlarından biridir. Onun müddəalarına hörmətlə yanaşılması, qanunun aliliyinin qorunması, hüquqi mədəniyyətin yüksəldilməsi və hər bir vətəndaşın öz hüquq və vəzifələrinə məsuliyyətlə yanaşması demokratik cəmiyyətin inkişafının başlıca şərtlərindəndir. Əsas Qanunun 31 illik tarixi müstəqil Azərbaycanın keçdiyi mürəkkəb, lakin uğurlu inkişaf yolunun, möhkəmlənən dövlətçiliyinin və tam bərpa olunmuş suverenliyinin əyani göstəricisidir. Konstitusiya və suverenlik vəhdəti isə ölkəmizin bugünkü gücünü, milli iradəsini və gələcək inkişafının etibarlı hüquqi əsaslarını özündə birləşdirən tarixi nailiyyətdir.

Asif Əsgərov,
Milli Məclisin deputatı