11 noyabr 2026 16:54
85

Selcan Mahsudova: Ən böyük arzum Olimpiya çempionu olmaqdır

Azərbaycan batut gimnastikasının beynəlxalq arenada təmsilçilərindən biri olan Selcan Mahsudova öz çıxışları, əzmkarlığı və yüksək idman hədəfləri ilə diqqət çəkir. Yeddi yaşından gimnastika ilə məşğul olan idmançı ilk addımlarını tamblinqdə atıb, sonradan batut gimnastikasını seçərək peşəkar idman yolunu bu istiqamətdə davam etdirib. Onun karyerasında xüsusi yer tutan uğurlardan biri 2024-cü ildə Almaniyanın Kottbus şəhərində keçirilən Dünya kuboku seriyasında əldə etdiyi nəticə və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasıdır. Gərgin məşqlər, yarış həyəcanı, zədələrlə mübarizə və qarşıya qoyulan məqsədlər Selcanın idman həyatının ayrılmaz hissəsidir. Dünya və Avropa çempionluğu, eləcə də Olimpiya çempionu olmaq onun qarşısına qoyduğu ən böyük hədəflərdir.

Azərbaycan batut gimnastikası üzrə milli komandanın üzvü Selcan Mahsudova “Caspianinfo”nun suallarını cavablandıraraq idmana gəlişindən, peşəkar karyerasının yaddaqalan məqamlarından, qarşılaşdığı çətinliklərdən və gələcək arzularından danışıb.

- İlk olaraq, özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik. Gimnastikaya marağınız necə yaranıb və bu idman növünü seçməyinizə nə səbəb olub?

- Mən Selcan Mahsudova, batut gimnastikası üzrə milli komandanın üzvüyəm. Gimnastikaya 7 yaşımda başlamışam. İlk olaraq tamblinqlə məşğul olmuşam. Daha sonra isə mənə batut gimnastikasında özümü sınamağım tövsiyə olunub və beləcə bu idman növünə başlamışam.

- Gimnastika yüksək fiziki hazırlıqla yanaşı, çeviklik, dəqiqlik, tarazlıq və böyük iradə tələb edir. Bu sahədə ilk addımlarınızı atdığınız dövrlə indiki idmançı kimi özünüz arasında hansı əsas fərqləri görürsünüz?

- Son üç ildə göstərdiyim nəticələrə baxanda özümdə böyük dəyişikliklər hiss edirəm. Bu nəticələrə nail olmaq üçün çox çalışmışam. Düşünürəm ki, yüksək nəticələr əldə etmək üçün ən vacib amillərdən biri məsuliyyətli olmaqdır.

- Peşəkar gimnast olmaq gündəlik məşqlər, ciddi intizam və öz üzərində davamlı işləmək deməkdir. Bu yolun ən çətin tərəfi nədir və həmin çətinliklərin öhdəsindən necə gəlirsiniz?

- Peşəkar idmançı olmaq böyük məsuliyyət tələb edir. Elə vaxtlar olur ki, səhər yuxudan oyanıb məşqə getmək istəmirəm. Amma qarşıma qoyduğum məqsədlər məni hər zaman motivasiya edir. Ən çətin məqamlar isə zədə aldığım zamanlarda yaşanır. Belə hallarda bəzən həvəsdən düşürəm. Lakin bu yolda tək olmadığımı, məşqçim Vladimir Şulikin tərəfindən dəstəkləndiyimi bilmək mənə hər zaman güc verir.

- Gimnastikada kiçik bir səhv belə nəticəyə təsir göstərə bilər. Çıxış zamanı həyəcanı idarə etmək, diqqəti qorumaq və özünə inamı itirməmək üçün hansı üsullardan istifadə edirsiniz?

- Yarış zamanı çalışıram ki, rəqiblərimin çıxışlarını izləməyim. Bir qədər nəfəs hərəkətləri edir, musiqi dinləyir və bu yolla özümü sakitləşdirməyə çalışıram.

- İdman karyeranız ərzində yaddaşınızda xüsusi yer tutan, sizə böyük sevinc yaşadan və ya düşüncələrinizə təsir edən hansısa yarış və ya hadisə olubmu? Həmin xatirə sizin üçün nə ilə əlamətdardır?

- Karyeram ərzində çox yaddaqalan yarışlarım olub. Elə yarışlar da olub ki, medal qazanmasam da, şəxsi rekordumu yeniləmişəm. Hazırda isə mənim üçün ən yaddaqalan yarışlardan biri 2024-cü ildə Almaniyanın Kottbus şəhərində keçirilən Dünya kuboku olub. Həmin yarış Dünya kuboku seriyası ərzində əvvəlki çıxışlarımla əldə etdiyim nəticələrin yekunlaşdığı və Olimpiya Oyunlarına lisenziyamın təsdiqləndiyi mərhələ oldu. Bu, karyeramın ən önəmli anlarından biridir.

- Hər bir idmançının karyerasında uğurlarla yanaşı, uğursuzluqlar və çətin dövrlər də olur. Belə məqamlarda motivasiyanızı necə qoruyur, növbəti yarışlara psixoloji və fiziki baxımdan necə hazırlaşırsınız?

- Uğursuzluqla qarşılaşanda, təbii ki, təəssüflənirəm. Amma bunu özüm üçün bir təcrübə hesab edirəm. Uğursuz keçən yarışlardan sonra səhvlərim üzərində işləyir və növbəti yarışa daha güclü hazırlaşmağa çalışıram.

- Gimnastikanın insanın xarakterinə, düşüncə tərzinə və gündəlik həyatına təsiri barədə nə deyə bilərsiniz? Bu idman növü sizə qazandırdığı ən mühüm keyfiyyətlər hansılardır?

- Düşünürəm ki, təkcə gimnastika ilə deyil, ümumiyyətlə, peşəkar idmanla məşğul olan insanlar həyatda hər zaman bir addım öndə olurlar. İdman bizə çətinliklərə dözməyi, səbirli və iradəli olmağı öyrədir. Şəxsi həyatımızda qarşılaşdığımız problemlərin öhdəsindən daha rahat gəlməyimizə kömək edir. Eyni zamanda, dünyagörüşümüzün də inkişafına müsbət təsir göstərir.

- Qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir? İştirak etmək istədiyiniz beynəlxalq yarışlar, qazanmaq arzusunda olduğunuz nailiyyətlər və özünüz üçün müəyyənləşdirdiyiniz xüsusi məqsədlər varmı?

- Ən böyük arzum və məqsədim Olimpiya mükafatçısı, eyni zamanda Olimpiya çempionu olmaqdır. Bununla yanaşı, dünya və Avropa çempionluğunu qazanmağı da qarşıma məqsəd qoymuşam.

- Gimnastikaya yeni başlayan, bu sahədə peşəkarlaşmaq və gələcəkdə ölkəmizi beynəlxalq arenada təmsil etmək istəyən gənclərə hansı tövsiyələri verərdiniz?

- Əsas tövsiyəm tənbəllik etməmək və qarşıya qoyulan məqsədlər uğrunda daim çalışmaqdır. Xüsusilə valideynlərə səslənmək istəyirəm ki, övladlarınıza bu yolda hər zaman dəstək olun. Çünki uşaqların idmana ilk addımlarını atmasında valideyn dəstəyi çox vacibdir.

- Sonda, gimnast olmaq arzusunda olan, lakin çətinliklərdən çəkinərək bu yola başlamağa tərəddüd edən uşaqlara və valideynlərə nə demək istərdiniz?

- Hazırkı dövrdə valideynlərin çoxu övladlarını daha çox təhsilə yönəldir. Bu, əlbəttə ki, düzgün yanaşmadır. Amma düşünürəm ki, təhsillə yanaşı idmanla da məşğul olan uşaqlar gələcəkdə həyatda daha asan uğur qazana bilərlər. Buna görə də övladınızın idmana həvəsi varsa, onu bu sahəyə yönləndirmək, idmana yazdırmaq və arzularının arxasınca getməsinə kömək etmək çox yaxşı olar.

 

Caspianinfo.az