13 noyabr 2026 21:35
181

“Zəfərin Rəngləri” adlı layihə çərçivəsində tədbir keçirilib 

Naxçıvan Qaziləri İctimai Birliyinin təşəbbüsü, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, rəssamlar və gənc istedadlar iştirak ediblər.

Tədbirdə çıxış edən Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Əli Əlisoy layihənin əhəmiyyətindən danışaraq bildirib ki, “Zəfərin Rəngləri” şəhidlərin əziz xatirəsinin yaşadılması, qazilərin qəhrəmanlıq yolunun və Zəfər tariximizin incəsənət vasitəsilə gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, bu cür təşəbbüslərin xüsusilə gənclərin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verdiyini vurğulayıb.

Daha sonra “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov çıxış edərək “Zəfərin Rəngləri” layihəsinin şəhidlərin əziz xatirəsinin yaşadılması və onların qəhrəmanlıq tarixinin sənət əsərləri vasitəsilə gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, gənc rəssamların bu mövzuya müraciət etməsinin və milli-mənəvi dəyərlərimizin sənət vasitəsilə təbliğinin təqdirəlayiq təşəbbüs olduğunu bildirib.

Ardınca “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi, Ali Məclisin deputatı Üzeyir Məmmədov çıxış edərək belə layihələrin şəhid ailələri, qazilər və bütövlükdə cəmiyyət arasında mənəvi bağların möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib. O, şəhidlərin qəhrəmanlıq salnaməsinin yalnız sözlə deyil, rənglərin və sənətin dili ilə də yaşadılmasının xüsusi əhəmiyyət daşıdığını bildirib.

Sonra Naxçıvan Qaziləri İctimai Birliyinin Veteranlar Şurasının sədri Məlik Cəbiyev layihənin milli-mənəvi dəyərlərimizin qorunması və Zəfər tariximizin təbliği baxımından əhəmiyyətindən danışıb.

Tədbirdə iştirak edən digər şəhid valideynləri də çıxış edərək qəhrəmanların xatirəsinin yaşadılmasının, onların döyüş yolunun incəsənət vasitəsilə təbliğinin vacibliyini qeyd ediblər.

Sonra iştirakçılar Rəssamlar Birliyinin binasında, ikinci mərtəbədə yerləşən Zəfər guşəsində təşkil olunan sərgi ilə tanış olublar. Burada gənc rəssamların Vətən müharibəsinə, şəhidlərin qəhrəmanlığına, Zəfər tarixinə və milli dəyərlərimizə həsr olunmuş əsərləri nümayiş etdirilib.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, yağlı boya və qrafika üzrə müxtəlif nominasiyalarda qaliblər müəyyənləşdirilib.

Yağlı boya üzrə Ülkər Əliyeva I yerə, Murad Qasımlı, Fatimə Niftəlizadə və Dərya Əhmədli II yerə, Məhəbbət Əlirzayeva, Aysu Hüseynzadə, Arzu Dadaşova və Həcər Fərzəliyeva III yerə layiq görülüblər. Nuray Haqverdiyeva və Ülviyyə Şirəliyeva isə həvəsləndirici mükafatla təltif olunublar.

Qrafika üzrə Murad Qasımlı I, Nəcibə Mustafayeva II, Rəvan Əliyev isə III yerin qalibi olub.

Sonda qaliblərə müvafiq mükafatlar təqdim edilib.

Bəxtiyar ƏLİYEV,

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi