14 noyabr 2026 14:28
61

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Gələn il Azərbaycanda dənli və dənli paxlalı bitkilərin istehsalının 3 milyon 566,8 min tona çatacağı proqnozlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.

Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozu ilə müqayisədə 0,9 % çoxdur.

Sənədə əsasən, 2028-ci ildə Azərbaycanda dənli və dənli paxlalı bitkilərin istehsalı 3 milyon 769,1 min ton olacağı proqnozlaşdırılır ki, bu da 2027-ci ilin proqnozuna nisbətən 5,6 % çoxdur.

2029-cu ildə dənli və dənli paxlalı bitkilərin istehsalı 3 milyon 856,2 min ton, 2030-cu ildə isə 3 milyon 940,1 min ton təşkil edəcək.

Qeyd olunan dövrdə bu məhsulların tərkibində buğda istehsalının gələn il 1 milyon 599,1 min ton təşkil edəcəyi gözlənilir ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 10 % azdır.

2028-ci ildə buğda istehsalının 1 milyon 784,4 min ton olacağı nəzərdə tutulur ki, bu da 2027-ci ilin proqnozuna nisbətən 11,5 % çoxdur. 2029-cu ildə buğdanın istehsalı 1 milyon 862,8 min ton, 2030-cu ildə isə 1 milyon 932 min tona qədər artacağı gözlənilir.

Bundan başqa, həmin illərdə ölkədə çəltik istehsalının da artacağı planlaşdırılır. Belə ki, bu göstərici 2027-ci ildə 21,5 min ton nəzərdə tutulur ki, 2026-cı ilin proqnozu ilə müqayisədə 5,9 % çoxdur.

2028-ci ildə isə çəltik istehsalının 21,6 min ton olacağı gözlənilir ki, bu da 2027-ci il proqnozu ilə müqayisədə 0,5 % çoxdur. 2029-cu ildə çəltik istehsalının 21,7 min ton, 2030-cu ildə isə 21,8 min ton səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 2026-cı il proqnozlarına əsasən, ölkədə dənli və dənli paxlalı bitkilərin istehsalı 3 milyon 533,9 min tona çatacağı gözlənilir. Bu, 2025-ci ilin proqnozu (3 milyon 430,9 min ton) ilə müqayisədə təxminən 3 % çoxdur. Buğda istehsalı 2026-cı ildə 1 milyon 776,5 min ton, çəltik istehsalı isə 20,3 min ton səviyyəsində gözlənilir.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,6 %, bitkiçilik məhsullarının istehsalı isə 1,2 % çoxalıb. Məhsulun 50,2 %-i bitkiçiliyin, 49,8 %-i heyvandarlığın payına düşüb.