14 noyabr 2026 14:41
101

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda “Gənclər təmiz enerji keçidi mərkəzində” mövzusunda panel müzakirələri təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları gənclərin yaşıl iqtisadiyyatda peşəkar imkanlara çıxışı, enerji və iqlim siyasətində iştirakı, eləcə də onların innovasiya və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi kimi sahələrdə fikirlərini bölüşüblər.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (NAMYO) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Məryəm Məmmədlinin moderatorluğunda keçirilən sessiyada qeyd olunub ki, gənclər müasir enerji siyasətinin həm əsas hədəf qrupu, həm də yaşıl enerjiyə transformasiyanın aparıcı hərəkətverici qüvvəsidir.

COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, COP29-un dayanıqlı inkişaf üzrə baş məsləhətçisi Marina Olşanskaya, Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Regional Mərkəzinin (RCREEE) Beynəlxalq Əməkdaşlıq və Strateji Tərəfdaşlıqlar üzrə direktoru Nadia Çiux və digərləri gənclərin yeni texnologiyaların mənimsənilməsindən tutmuş siyasət qərarlarına təsir göstərməyə qədər bir çox sahədə fəal rol oynadığını qeyd ediblər.

Qlobal iqlim dəyişikliyi və enerji təhlükəsizliyi çağırışları fonunda dövlətlərin və beynəlxalq təşkilatların gəncləri qərar qəbuletmə proseslərinə, innovasiyalara və təmiz enerji layihələrinə getdikcə daha fəal cəlb etdikləri ifadə olunub.

Gənclərin enerji sektorunda yeni həll mexanizmlərinə və yanaşmalara töhfəsi ilə bağlı fikirlər səsləndirilib.