16 noyabr 2026 20:51
116

Muxtar respublikada payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb

Naxçıvan Muxtar Respublikasında noyabrın 16-dək 13.427,7 hektar sahədə dən üçün payızlıq taxıl səpilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91,9 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyindən A“İki sahil”ə bildirilib ki, cari mövsümdə payızlıq taxıl əkini üçün nəzərdə tutulan 22 min 800 hektar sahənin təxminən 76 faizində şum, 59 faizində isə səpin başa çatıb.

Həmin tarixədək payız əkini üçün 17 min 454,3 hektar sahə şumlanıb. Şumlanmış sahə ötən ilin eyni dövrü ilə müqayisədə 7264,3 hektar və ya 71,3 faiz artıb. Həm buğda, həm də arpa üzrə əkin sahələri genişləndirilib. Payızlıq buğda səpilən sahə ötən ilin eyni dövründəki 2494,1 hektardan 4943,9 hektara çataraq, təxminən iki dəfə artıb. Payızlıq arpa səpilən sahə isə 4504,3 hektardan 8483,8 hektara yüksəlib. Muxtar respublikanın rayonları arasında taxıl əkini göstəricisi üzrə ən yüksək artım tempi Culfa rayonunda qeydə alınıb. Rayonda payızlıq taxıl səpilən sahə 3,9 dəfə artaraq 2865,2 hektara çatıb.

Əkin sahələrinin genişləndirilməsinə Azərbaycan Respublikası Prezidenti tərəfindən aqrar sahənin inkişafı məqsədilə verilmiş tapşırıqların icrası çərçivəsində kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyi, o cümlədən subsidiyaların vaxtında verilməsi, gübrə və sertifikatlı toxumla təminat müsbət təsir göstərməkdədir. Su ehtiyatlarının effektiv idarə edilməsi, suvarma sistemlərinin yenidən qurulması və su itkilərinin azaldılması istiqamətində görülən işlər də əkin üçün əlverişli şəraitin yaradılmasına töhfə verir. Bu işlər Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” çərçivəsində həyata keçirilir.

Mövsüm ərzində yağan yağıntılar torpaqda kifayət qədər nəm ehtiyatının formalaşmasına və su hövzələrində ehtiyatların artmasına şərait yaradıb. Bu da payızlıq səpin işlərinin gedişinə müsbət təsir göstərib.