Noyabrın 12-də Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan diplomatiyasının mühüm uğurudur. Bu sənədlə Azərbaycan dünyanın aparıcı siyasi və iqtisadi güc mərkəzlərindən biri olan Böyük Britaniya ilə münasibətlərini rəsmən strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artdığını və xarici siyasət kursunun uğurla davam etdirildiyini göstərir.
Sənədin ən önəmli xüsusiyyəti onun qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri üzərində qurulmasıdır. Bu sənəd Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörməti, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını təsdiqləyir. Bu prinsipləri Böyük Britaniya kimi nüfuzlu dövlətin ortaq dəyər kimi qəbul etməsi Azərbaycanın haqq mövqeyinin beynəlxalq dəstəyini daha da möhkəmləndirir. Sənəddə Vaşinqton Sülh Sammiti Bəyannaməsinin əhəmiyyətinin vurğulanması və regionda dayanıqlı sülhə dəstəyin yenidən təsdiqlənməsi Azərbaycanın sülh gündəliyinin beynəlxalq birlik tərəfindən qəbul edildiyinin göstəricisidir.
Bu uğur təsadüfi deyil. Otuz ildən artıq müddətdə davam edən enerji əməkdaşlığı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Böyük Britaniyanın Azərbaycanda ən böyük Avropa investoru olması və iki ölkə arasında qurulmuş qarşılıqlı etimad strateji tərəfdaşlığın əsasını təşkil edir. Azərbaycan bu gün tərəfdaşlarına yalnız enerji resursları təklif edən ölkə deyil, regionun etibarlı nəqliyyat-logistika qovşağı, sülh və sabitlik gündəliyinin fəal iştirakçısı, iqtisadi şaxələndirmə yolunda inamla irəliləyən dövlətdir. Bəyannamədə Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunun beynəlxalq səviyyədə tanındığını bir daha göstərir.
Sənəd Azərbaycan üçün geniş imkanlar açır. Müdafiə və təhlükəsizlik sahəsində təlim, imkanların artırılması, qarşılıqlı əməliyyat qabiliyyəti və müdafiə sənayesi əməkdaşlığı kimi istiqamətlər ölkəmizin təhlükəsizlik arxitekturasında yeni tərəfdaşlıq imkanları yaradır. Bərpa olunan enerji, yaşıl maliyyə, maliyyə və kapital bazarları üzrə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, Britaniya şirkətlərinin və maliyyə institutlarının təcrübəsinin ölkəyə cəlb edilməsinə töhfə verə bilər. Təhsil, elm, süni intellekt və rəqəmsal innovasiyalar sahəsindəki əməkdaşlıq isə ən böyük sərvətimiz olan gənc nəslin inkişafına xidmət edir.
Bəyannamənin institusional baxımdan da güclü cəhəti var. İllik Strateji Tərəfdaşlıq görüşünün təsis edilməsi əməkdaşlığın müntəzəm qiymətləndirilməsini, prioritetlərin birgə müəyyənləşdirilməsini və konkret nəticələrə yönəlmiş davamlı dialoqu təmin edir. Bu mexanizm sənədin bəyanat olaraq qalmayıb, canlı və işləyən tərəfdaşlığa çevriləcəyinə inam yaradır.
Bu sənəd Azərbaycanın uğurlu və balanslaşdırılmış xarici siyasətinin daha bir nəticəsidir. Bu il ölkəmiz Birləşmiş Ştatlar və Almaniya ilə də oxşar sənədlər imzalamışdır. Böyük Britaniya ilə bəyannamə həmin xəttin məntiqi davamıdır. Bütün bunlar Azərbaycanın istənilən istiqamətdə, öz milli maraqlarına və bərabərhüquqlu münasibətlər prinsipinə əsaslanaraq dostluq və əməkdaşlıq qura bildiyini göstərir. 2027-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Bakıda keçiriləcəyini nəzərə alsaq, Azərbaycanın Avropa məkanında artan rolunun bariz nümunəsi ilə qarşılaşırıq.
Dublində imzalanmış bəyannamə Azərbaycan diplomatiyasının uğurlu nəticəsi, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və gələcək nəsillər üçün sülh, sabitlik və rifah baxımından mühüm addımdır. Qarşıda isə bu siyasi iradəni konkret layihələrə, investisiyalara və əməli əməkdaşlığa çevirmək vəzifəsi dayanır. Mövcud etimad və qarşılıqlı maraq bu yolda uğurlu nəticələr əldə edəcəyimizə əminlik yaradır.
Zaur Muradov,
YAP İsmayıllı rayon təşkilatının sədri
DƏYİŞƏN DÜNYA NİZAMINDA AZƏRBAYCAN-BÖYÜK BRİTANİYA ƏMƏKDAŞLIĞININ YENİ ARXİTEKTURASI
Hüquqi və institusional islahatlar Azərbaycanda biznes mühitinin inkişafı üçün yeni imkanlar yaradır