18 noyabr 2026 15:33
168

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub

İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 2026-cı ilin oktyabr ayı ərzində 43 min 325 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 52 min 872 müraciət olub.

“İki sahil” xəbər verir ki,  İqtisadiyyat Nazirliyindən bildirilib ki, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Daxil olan müraciətlərin əksər hissəsi cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb.

Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək mümkündür. Göstərilən xidmətlər ödənişsizdir. 195-1 Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir.