19 noyabr 2026 10:15
73

Avrasiya məkanında ən perspektivli marşrut: Orta Dəhlizə maraq artır

Son illər beynəlxalq münasibətlər sistemində baş verən dərin geosiyasi dəyişikliklər, dünyanın müxtəlif bölgələrində vəziyyəti mürəkkəbləşdirən hərbi qarşıdurmalar, geosiyasi qeyri-sabitlik və gərginlik, Hörmüz boğazında yaranan hərbi-siyasi böhran və kommersiya gəmiçiliyinə tətbiq olunan sərt məhdudiyyətlər, eləcə də Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni münbit geosiyasi şərait ölkəmizin əsas daşımalar qovşağı kimi rolunu getdikcə gücləndirir.

Müxtəlif güc mərkəzləri arasında geosiyasi rəqabətin kəskinləşməsi, qlobal təchizat zəncirlərinin pozulması dünyada ənənəvi ticarət yollarına alternativ olan yeni nəqliyyat dəhlizlərinin yaradılmasını qaçılmaz zərurətə çevirib. Enerji təhlükəsizliyi məsələlərinin qlobal miqyasda diqqət mərkəzində olduğu bir dövrdə ayrı-ayrı ölkələr enerji resurslarının marşrutlarının və tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsini ön plana çıxarırlar.

Ticarət yollarını şaxələndirməklə yanaşı, iqtisadi artıma, yeni tərəfdaşların tapılmasına, iqtisadi əməkdaşlıq əlaqələrinin artmasına böyük imkanlar yaradacaq Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Bakını Çindən Avropaya uzanan logistika şəbəkəsinin ayrılmaz hissəsinə çevirir. Çindən başlayan, Mərkəzi Asiya ölkələrindən keçərək Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan, illik təqribən 2,1 trilyon ABŞ dolları həcmində ümumi daxili məhsula malik olan Türk dövlətlərini birləşdirən Orta Dəhliz ən qısa, təhlükəsiz və səmərəli marşrutdur. Zəngəzur dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, Orta Dəhlizin gücünü daha da artıracaq. Nüfuzlu beyin mərkəzlərinin araşdırmalarına görə, Orta Dəhliz təkcə növbəti bir infrastruktur layihəsi kimi deyil, qlobal ticarətin yenidən təşkili prosesində baş verən dərin struktur dəyişikliklərinin göstəricisi kimi qiymətləndirilməlidir.

Son illərdə ölkəmizdə həyata keçirilən müasir nəqliyyat və logistika layihələri yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artırıb. Beynəlxalq standartlara uyğun yeni magistral yolların çəkilməsi və sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi nəqliyyat vasitələrinin keçid sürətini artırıb. Bakı-Tbilisi-Qars dəmir yolunun müasirləşdirilməsi və yeni vaqonlar və lokomotivlərin alınması dəhlizin buraxılış gücünü yüksəldib. 2025-ci ildə Azərbaycan Dəmir Yolları tərəfindən 300 yeni yük vaqonu alınıb. 2026-cı ildə isə Çindən 7 müasir magistral yük lokomotivi gətirilib.

Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi Xəzər dənizi üzərindən tranzit daşımaları sürətləndirib. Eləcə də Ələt qovşağında yeni yük aeroportunun tikintisi multimodal logistika imkanlarını gücləndirir. Xəzər dənizində gəmiçilik donanmasının genişləndirilməsi, eləcə də Qazaxıstan, Azərbaycan və Gürcüstanın yaratdığı birgə müəssisə çərçivəsində vahid tarif və “bir pəncərə” rəqəmsal bəyannamə sisteminin tam tətbiqi yükdaşımaların sürətini artıran əsas amillərdən birinə çevrilib. Bütün bunların sayəsində 2026-cı ilin ilk doqquz ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit yükdaşımaları 14,5 faiz artaraq 12 milyon tonu ötüb. Orta Dəhlizlə daşımalar isə 20 faiz artımla 4,1 milyon tona çatıb.

Cənubi Qafqazda əsas söz sahibinə çevrilən, Ermənistanla sülhün möhkəmləndirilməsinə töhfələr verən Azərbaycan çoxşaxəli nəqliyyat infrastrukturunun, irimiqyaslı layihələrin, xüsusilə Orta Dəhlizin inkişaf etdirilməsi üçün tərəfdaş ölkələrlə genişmiqyaslı layihələr həyata keçirir. Belə ki, 2026-cı il noyabrın 2-də Qazaxıstan və Azərbaycan Xəzər dənizində yeni bərə sisteminin işə salınması və Bakı limanının Ələt sahəsində intermodal terminalın tikintisi vasitəsilə Mərkəzi Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsi ilə bağlı sazişlər imzalayıblar. Qazaxıstanın “Samruk-Kazına” və Azərbaycanın “AZCON” şirkətləri tərəfindən dəstəklənən “Xəzər körpüsü” (Superferry) layihəsi Kurık (Qazaxıstan) və Ələt (Azərbaycan) limanları arasında dəmir yolu vaqonlarının əlavə yükləmə əməliyyatları aparılmadan birbaşa daşınmasını nəzərdə tutur.  Burada əsas məqsəd Xəzər dənizi üzərindən dəniz keçidinə və liman əməliyyatlarına sərf olunan vaxtı azaltmaq, daşımaların etibarlılığını artırmaq və Orta Dəhlizin rəqabət qabiliyyətini gücləndirməkdir.

Bundan başqa, Qazaxıstanın KTZ və Azərbaycanın ADY milli dəmir yolu operatorları konteyner daşımalarının optimallaşdırılması, dəmir yolu və dəniz nəqliyyatının inteqrasiyası məqsədilə Ələtdə birgə intermodal terminalın yaradılması barədə razılığa gəliblər.

Bunların fonunda demək olar ki, beynəlxalq ticarətin ən perspektivli marşrutlarından biri kimi dəyərləndirilən, Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan, həm məsafə, həm də vaxt baxımından mühüm üstünlüklərə malik olan Orta Dəhliz Azərbaycanı Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzinə çevirərək ölkəmizin geosiyasi rolunu möhkəmləndirir və əhalinin sosial rifahının artmasına mühüm töhfə verir.

Zahid Rza, “İki sahil”