18 noyabr 2026 22:03
109

Kanada mətbuatı: Kanada Azərbaycanla tərəfdaşlığı genişləndirməlidir

Kanadanın “Makdonald-Lorye” İnstitutunun baş eksperti Conatan Berkşir Millerin “Inside Policy” nəşrində “Ticarətin şaxələndirilməsindən kənar – Mərkəzi Asiya Kanada üçün niyə əhəmiyyətlidir?” adlı məqaləsi dərc olunub.

“İki sahil” xəbər verir ki, məqalədə Mərkəzi Asiyanın dəyişən qlobal geosiyasi və geoiqtisadi sistemdə artan rolu, Kanadanın regionla əməkdaşlıq perspektivləri, eləcə də Azərbaycanın Avrasiyanın nəqliyyat və ticarət əlaqələrinin inkişafındakı strateji əhəmiyyəti təhlil olunur.

Müəllif Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artması fonunda Azərbaycanın strateji rolunu vurğulayıb.

“Azərbaycanın Xəzər dənizindəki coğrafi mövqeyi, nəqliyyat əlaqələri və Mərkəzi Asiya ölkələri ilə münasibətləri Türkiyə, Cənubi Qafqaz və Avropa bazarları ilə mühüm bağlantılar yaradır”, – deyə müəllif bildirib.

Məqalədə vurğulanır ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında inkişaf edən münasibətlər regional bağlantılara ənənəvi coğrafi və diplomatik çərçivələrdən fərqli yanaşmağı zəruri edir. Bildirilir ki, Xəzər dənizində liman və nəqliyyat infrastrukturunun, dəmir və avtomobil yollarının, eləcə də enerji bağlantılarının inkişafı vahid regional yanaşma əsasında həyata keçirilməlidir.

“Kanada Azərbaycanın enerji, nəqliyyat, logistika və infrastruktur sahələrindəki potensialına üstünlük verməli və bu ölkə ilə daha geniş tərəfdaşlıq qurmalıdır”, – deyə ekspert qeyd edib.

O, həmçinin Kanada hökumətinə Azərbaycan və Mərkəzi Asiya ölkələrinə yüksəksəviyyəli səfərlərin sayını artırmağı, siyasi məsləhətləşmələri və iqtisadi dialoqu genişləndirməyi, Azərbaycanın iştirakı ilə regional əməkdaşlığın təşviqi imkanlarını nəzərdən keçirməyi tövsiyə edib.

Müəllif qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi Kanadanın ticarət və beynəlxalq tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsinə, təchizat zəncirlərinin möhkəmləndirilməsinə, eləcə də Avrasiyanın yeni nəqliyyat və enerji marşrutlarına inteqrasiyasına imkan yarada bilər.