Hər bir dövlətin siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti sonrakı inkişaf proseslərinə də həlledici təsir göstərir. Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması məhz belə tarixi hadisələrdəndir. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis olunan YAP Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi və cəmiyyətin milli maraqlar ətrafında birləşdirilməsi missiyasını üzərinə götürdü. Ötən 34 il ərzində partiya ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildi.
Partiyanın yaranması Azərbaycanın ciddi siyasi və iqtisadi böhranla üzləşdiyi, Ermənistanın hərbi təcavüzünün davam etdiyi, ölkədə qeyri-sabitliyin hökm sürdüyü mürəkkəb dövrə təsadüf edirdi. Belə şəraitdə tanınmış ziyalılar xalqın böyük etimad göstərdiyi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə güclü siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının ona ünvanladığı müraciət bu təşəbbüsün mühüm ifadəsi oldu. Ümummilli Lider Heydər Əliyev yeni siyasi təşkilatın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirdi. Noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında 550 nümayəndənin iştirakı ilə YAP-ın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
YAP milli birlik və dövlətçilik ideyalarına əsaslanaraq yarandığı gündən ölkənin böhrandan çıxmasına, müstəqilliyin möhkəmləndirilməsinə və demokratik dövlət quruculuğuna töhfə verməyi qarşıya məqsəd qoydu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Ümummilli Liderin rəhbərliyi ilə siyasi sabitlik təmin edildi, demokratik ənənələr inkişaf etdirildi və sosial-iqtisadi inkişafın təməli qoyuldu. Partiya da bu proseslərdə fəal iştirak edərək siyasi sistemdə mövqeyini gücləndirdi. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri təşkilatın uzunmüddətli siyasi missiyasını ifadə edirdi.
2005-ci il martın 26-da keçirilən III qurultayda Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi YAP-ın fəaliyyətində yeni mərhələ oldu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələblərinə uyğun davam etdirən dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın beynəlxalq mövqeləri, iqtisadi potensialı və dövlət idarəçiliyi daha da gücləndi. Partiyanın ictimai-siyasi dayaqları da genişləndi. Bu gün 800 minə yaxın üzvü olan YAP ölkənin ən böyük siyasi təşkilatı olmaqla yanaşı, Cənubi Qafqazın aparıcı siyasi qüvvələrindən biridir.
2021-ci il martın 5-də keçirilən VII qurultayda yeni Nizamnamə qəbul edildi, təşkilati struktur yeniləndi, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurası formalaşdırıldı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi də mühüm hadisə oldu. Həmin il dekabrın 29-da təsdiqlənən yeni Proqramda iqtisadi inkişaf, sosial rifah, insan kapitalı, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış əsas strateji istiqamətlər kimi müəyyənləşdirildi.
Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər və 2023-cü ildə suverenliyinin tam bərpası ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Ərazi bütövlüyünün təmin edilməsi və suverenliyin bütün ölkə ərazisində bərqərar olunması Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin, Azərbaycan Ordusunun gücünün və xalqımızın milli birliyinin təntənəsidir.
Seçkilərdə əldə olunan nəticələr də partiyanın ictimai-siyasi mövqeyini nümayiş etdirir. Belə ki, 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin 92,12 faiz səs toplaması, həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının 68 mandat qazanması, eləcə də 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində partiyanın 5855 namizədinin bələdiyyə üzvü seçilməsi onun seçki proseslərindəki fəal iştirakını və geniş təşkilati imkanlarını təcəssüm etdirir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı (2026-cı il oktyabrın 2-də) partiyanın siyasi tarixində mühüm hadisə kimi yadda qaldı. Qurultayda çıxış edən Prezident İlham Əliyev yeni tarixi şəraitdə partiyanın qarşısında dayanan vəzifələri, gələcək fəaliyyətinin əsas istiqamətlərini və prioritetlərini diqqətə çatdırdı. Dövlət başçısının vurğuladığı kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. Tədbirdə partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiq olundu, İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi ilə bağlı qərarlar qəbul edildi.
Hazırkı mərhələdə Azərbaycanın qarşısında duran başlıca vəzifələr tarixi Qələbənin yaratdığı imkanlardan məqsədyönlü şəkildə yararlanmaq, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq prosesini davam etdirmək, Böyük Qayıdış Proqramının icrasını təmin etmək və ölkənin iqtisadi potensialını daha da artırmaqdır. Bu proseslərdə Yeni Azərbaycan Partiyası milli həmrəyliyin möhkəmləndirilməsi, dövlət siyasətinin ictimai dəstəyinin genişləndirilməsi və ümummilli maraqlar naminə birliyin qorunması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, partiyanın gündəliyində siyasi dialoqun inkişafı, müxtəlif ictimai-siyasi qüvvələr arasında əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur.
Bu istiqamətdə qarşıya qoyulan məqsədlərin reallaşdırılması ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyəti də dəyişən siyasi və ictimai reallıqlara uyğun olaraq yeni təşəbbüslərin irəli sürülməsi, təşkilati fəaliyyətin təkmilləşdirilməsi və gənc nəslin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi ilə səciyyələnir. Bütün bunlar partiyanın ölkənin siyasi həyatında tutduğu mövqenin və qarşıdakı dövr üçün müəyyənləşdirdiyi fəaliyyət istiqamətlərinin əsas məzmununu təşkil edir.
Mahir Süleymanlı,
Milli Məclisin deputatı