Müasir Azərbaycanın ictimai-siyasi həyatında möhkəm təməl formalaşdıran Yeni Azərbaycan Partiyasının (YAP) keçdiyi 34 illik şərəfli yol ölkəmizin müstəqillik salnaməsində müstəsna yer tutur. Müstəqil dövlətimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin liderliyi ilə əsası qoyulan bu siyasi təşkilat yarandığı gündən milli ideallara və dövlətçilik maraqlarına sadiqliyini əməli fəaliyyəti ilə sübuta yetirib. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi çıxış edən Yeni Azərbaycan Partiyasının meydana gəlməsi və təşəkkül tapması bilavasitə Ulu Öndər Heydər Əliyevin adı və zəngin siyasi təcrübəsi ilə bağlıdır. Tarixi zərurətdən doğan bu partiya elə bir həssas dönəmdə formalaşmışdı ki, gənc müstəqilliyimiz və milli varlığımız ciddi təhdidlərlə üz-üzə qalmışdı. Məhz belə taleyüklü bir məqamda 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Ulu Öndərə müraciət ünvanlayaraq xalqın səsini çatdırdı: “Azərbaycan Sizin sözünüzü gözləyir”. Görkəmli dövlət xadimi bu tarixi çağırışa oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda” müraciəti ilə cavab verdi. Ulu Öndər Heydər Əliyev “91-lər”ə ünvanladığı cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən qaynaqlandığını xüsusi vurğuladı və bu siyasi qurumun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu qətiyyətlə bəyan etdi.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov diqqətə çatdırıb ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə baş tutan Yeni Azərbaycan Partiyasının təsis konfransı müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının təməlini qoydu. Halbuki həmin dövrün ictimai-siyasi mənzərəsinə nəzər saldıqda ölkənin gələcəyi o qədər də nikbin görünmürdü. Separatizm meyilləri baş qaldırır, iqtisadi tənəzzül və sosial gərginlik dərinləşir, daxili siyasi çəkişmələr isə mövcud böhranı daha da şiddətləndirirdi. Eyni zamanda, Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı və ağır insan itkiləri dövlət müstəqilliyinin itirilməsi təhlükəsini reallığa çevirirdi. Xalqın yeganə ümid yeri olan Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı isə Azərbaycanı bu fəlakətlərdən xilas edərək gələcək tərəqqiyə geniş yol açdı. Ümummilli Lider Ulu Öndərin hakimiyyətə gəlişi sayəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi birdəfəlik aradan qaldırıldı, daxili və xarici bədxah qüvvələrin Azərbaycanı parçalamaq və dövlətçiliyi məhv etmək planları puça çıxardı. Heydər Əliyev öz qayıdışı ilə ölkəyə sülh, ictimai-siyasi sabitlik, milli dirçəliş və davamlı inkişaf gətirdi. Bu quruculuq prosesi nəticəsində cəmiyyətin hər bir fərdində dövlətimizin sarsılmazlığına dair böyük əminlik yarandı. Yeni Azərbaycan Partiyasının qısa zaman kəsiyində xalq arasında böyük rəğbət qazanan siyasi gücə çevrilməsinin başlıca səbəbi isə partiyanın liderinə – Ümummilli Lider Heydər Əliyevə olan dərin ümumxalq sevgisi və sarsılmaz inam idi. Ulu Öndərin də bəyan etdiyi kimi, Yeni Azərbaycan Partiyası əməli fəaliyyəti ilə sübut etdi ki, o, yeni müstəqil Azərbaycanı qurmağa və ölkəni parlaq zirvələrə daşımağa qadir olan siyasi qüvvədir.
Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının məqsədyönlü fəaliyyəti ölkədə sabitliyi möhkəmləndirməklə yanaşı, hərtərəfli iqtisadi və sosial yüksəlişin də əsasını qoydu. 1993–2003-cü illərdə Azərbaycanda elə bir sahə qalmadı ki, dövlət qayğısından kənarda qalsın. Ulu Öndər ölkə həyatında mövcud olan bütün problemlərə böyük həssaslıqla yanaşdı və onların sistemli həllinə nail oldu. Bir vaxtlar əlçatmaz görünən nəhəng transmilli layihələr məhz o illərdə reallığa çevrildi: “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin sarsılmaz siyasi iradəsi və uzaqgörən diplomatik məharəti sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri reallaşdırıldı. Dövlət və ordu quruculuğu istiqamətində fundamental işlər görüldü, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini möhkəmlətdi. Xarici dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar məhz Ulu Öndərin yüksək siyasi nüfuzuna inanaraq müxtəlif istiqamətlərdə Azərbaycanla strateji əməkdaşlığa başladılar.
K.Bayramov xüsusi olaraq qeyd edib ki, dünəndən bu günə uzanan siyasi və iqtisadi inkişaf yolu aydın göstərir ki, Ulu Öndərin ideyaları yalnız tarixi dəyər daşımır, həm də müasir Azərbaycanın dinamik yüksəlişinin əsas hərəkətverici qüvvəsidir. Bu gün Ümummilli Lider Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan müasir tarixində yeni şanlı səhifələr yazır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bu gün sıralarında yüz minlərlə insanı birləşdirən nüfuzlu təşkilatdır. Partiya üzvlərinin əhəmiyyətli hissəsini təşkil edən gənclər Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna fədakarlıq nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımızın 30 illik erməni işğalına son qoydu və xalqımız adını dünya tarixinə qalib xalq kimi həkk etdirdi.
K.Bayramov sonda əlavə edib ki, Azərbaycanın ictimai-siyasi həyatında əldə olunan bütün nailiyyətlər və tarixi Zəfər Yeni Azərbaycan Partiyasının sağlam təməllər üzərində qurulmasının, ümummilli ideya və dəyərlərə sadiqliyinin bariz təzahürüdür. Ötən onilliklər ərzində partiyanın keçdiyi şərəfli yol, sıralarının həm kəmiyyət, həm də keyfiyyət baxımından zənginləşməsi təsdiq edir ki, Ulu Öndər Heydər Əliyev ideyalarından qidalanan bu siyasi güc ölkə qarşısında duran istənilən vəzifəni yerinə yetirməyə, xalqımızı daha firavan gələcəyə aparmağa qadir olan vahid və sarsılmaz təşkilatdır.