20 noyabr 2026 11:45
99

Zəfərin, dirçəlişin və Böyük Qayıdışın rəmzi - Ağdam

Bu gün xalqımız üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyan Ağdam Şəhəri Günüdür. 2020-ci il noyabrın 20-də Ağdam şəhərinin Ermənistanın işğalından azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin mühüm mərhələlərindən biri oldu. Bu gün Ağdamın azadlığı yalnız bir şəhərin öz sahibinə qovuşması deyil, həm də ədalətin, beynəlxalq hüququn və tarixi həqiqətin təntənəsi kimi yadda qalıb.

Ağdam uzun illər Ermənistan tərəfindən işğal altında saxlanılaraq görünməmiş dağıntılara məruz qalmış, bir zamanlar abad və inkişaf etmiş şəhər xarabalığa çevrilmişdi. Lakin Azərbaycan xalqının iradəsini, dövlətimizin gücünü və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətini heç bir dağıntı sarsıda bilmədi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək Qarabağda yeni inkişaf və quruculuq mərhələsinə qədəm qoydu.

Bu gün Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin Qarabağın gələcəyinə necə böyük önəm verdiyini nümayiş etdirir. Müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan Ağdamda yaşayış məhəllələri, sosial infrastruktur, təhsil və səhiyyə müəssisələri, sənaye və xidmət sahələri formalaşdırılır. Ağdam Sənaye Parkının fəaliyyəti şəhərin iqtisadi potensialının bərpasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Ağdamın dirçəlişi Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. Doğma yurda qayıdan sakinlərin öz evlərində təhlükəsiz və layiqli həyat şəraitinin təmin edilməsi dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Bu qayıdış həm də illərlə doğma torpaq həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsidir.

Ağdamın yenidən qurulması Azərbaycanın yalnız dağıdılmış şəhərləri bərpa etmədiyini, eyni zamanda Qarabağda müasir, innovativ və dayanıqlı inkişaf modeli yaratdığını göstərir. Bu proses həm də gələcək nəsillərə ötürülən mühüm tarixi mesajdır: Azərbaycan öz torpaqlarına sahib çıxır, qurur, yaradır və gələcəyə inamla addımlayır.

Ağdam Şəhəri Günü münasibətilə bütün ağdamlıları və xalqımızı təbrik edir, doğma yurda qayıdan sakinlərə firavanlıq arzulayırıq. Ağdamın hər küçəsində həyatın yenidən canlanması, hər evdə ocaqların yanması Zəfərimizin ən gözəl davamıdır.

Ağdam yenidən qurulur, Qarabağ dirçəlir, Böyük Qayıdış davam edir!

Qurtuluşun mübarək, əziz Ağdam!

Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini