Zamir Güvəndiyev
YAP Şəmkir rayon təşkilatının sədri
1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın həyatında tarixi hadisə və mühüm dönüş nöqtəsi oldu. Həmin illərdə ölkəmiz çox ağır günlərini yaşayırdı. Ölkədə hökm sürən xaos, hərc-mərclik, anarxiya və dərin iqtisadi böhran Azərbaycanı uçuruma aparırdı. Dövlətçilik təcrübəsi olmayan o zamankı AXC-Müsavat iqtidarının səriştəsiz idarəçiliyi ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. Sabaha ümidi qalmayan insanlar dərin təlaş içərisində yaşayırdılar. Artan ictimai-siyasi gərginlik, baş verən təhlükəli hadisələr, eləcə də siyasi, iqtisadi və hərbi böhran Azərbaycanın dövlətçilik varlığı üçün ciddi təhlükə yaratmış, xalqla iqtidar arasında dərin uçurum əmələ gətirmişdi.
Məhz belə bir mürəkkəb və taleyüklü məqamda- Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Vətənin taleyini düşünən vətənpərvər insanlar ölkəni mövcud böhrandan çıxara biləcək yeni siyasi qüvvənin formalaşdırılması təşəbbüsü ilə çıxış etdilər. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş tarixi sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın iradəsini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində ölkədəki dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalılarının, tanınmış elm və mədəniyyət xadimlərinin, nüfuzlu şəxsiyyətlərinin imzaladıqları həmin müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Ümummilli Lider Heydər Əliyev “91-lər”in müraciətinə cavabında bildirmişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Ümummilli Lider partiyanı sürətlə inkişaf etdirərək, özünün də ifadə etdiyi kimi, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Son 23 ildə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycana davamlı nailiyyətlər və tarixi zəfərlər qazandırır. 1993-2003-cü illərdə formalaşdırılan möhkəm dövlətçilik təməli bu gün əldə olunan uğurların davamlılığına güclü stimul verir. Uğurlarımızın zirvəsi kimi dəyərləndirilən tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkə qarşısında yeni strateji hədəflərin müəyyənləşdirilməsini zəruri etdi.
Yeni Azərbaycan Partiyasının VII və VIII qurultaylarında Azərbaycanın müstəqillik tarixində keçdiyi inkişaf yolu geniş şəkildə təhlil edilmişdir. YAP-ın VII Qurultayındakı proqram xarakterli çıxışında partiyanın yarandığı dövrün reallıqlarından bəhs edən dövlət başçısı İlham Əliyev bu çağırışı etmişdir ki, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş -1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra bu ilin 2 oktyabr tarixində VIII Qurultayını keçirən Yeni Azərbaycan Partiyası ölkəmizin yeni strateji reallıqlar dövründə qarşısında duran əsas inkişaf hədəflərini, təhlükəsizlik prioritetlərini, eləcə də Qarabağ və Şərqi Zəngəzurun dirçəliş strategiyasını müəyyənləşdirdi. VIII Qurultaydakı çıxışında cənab İlham Əliyev diqqəti qarşıda dayanan mühüm vəzifələrə yönəldərək əminliyini ifadə etdi ki, bu vəzifələr bəhs edilənlərdən daha genişdir: “Mən bu gün əsas, yəni strateji əhəmiyyət daşıyan istiqamətləri dilə gətirdim, bu fikirləri sizinlə bölüşmək istədim. Əmin olduğumu bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər”.
YAP-ın yaranmasının 34-cü ildönümü Sumqayıtda Heydər Əliyev Məktəbinin iştirakçıları ilə qeyd olunub
Hacıqabulda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü qeyd olunub
Azərbaycanın rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci mövqeyə yüksəlib