Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru və Astara Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçirilən işlərlə tanış olublar.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baxış keçirilib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Bildirilib ki, Dövlət Proqramının qəbulundan ötən müddət ərzində “Astara FİSH” MMC tərəfindən ümumi sahəsi 198 kvadratmetr olan 22 balıqartırma hovuzu tikilib, 3146 ədəd 100–110 qramlıq nərə cinsli balıq balaları alınıb. “Beluga Astara” MMC tərəfindən isə ümumi sahəsi 1100 kvadratmetr olan 18 balıqartırma hovuzu inşa olunub.
Bununla yanaşı, “İMANNA” MMC tərəfindən əkinə hazır vəziyyətə gətirilmiş 50 hektar yeni intensiv sitrus bağının 23 hektarında 15 min naringi tingi əkilib. Qalan ərazidə əkin işlərinin aparılması üçün tinglər sifariş edilib. Dövlət Proqramının icrasına qoşulan digər sahibkar və fermerlər də üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi istiqamətində işlərə başlayıblar.
Fermer və sahibkarlarla görüşdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonda kənd təsərrüfatının inkişafı üzrə müəyyən edilmiş prioritetlərdən danışıb. Qeyd edib ki, müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqi istehsal və emal imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə fermer və sahibkarlara hərtərəfli dəstək göstərilir.
Prezident Administrasiyasının sektor müdiri Dəyanət Abdullayev Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıb, Dövlət Proqramının məqsəd və hədəfləri, eləcə də onun icrasının əhəmiyyəti barədə məlumat verib.
Fermer və sahibkarlar göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə və aqrar sahənin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.