Sumqayıtın 77 illik tarixi Azərbaycanın quruculuq salnaməsinin mühüm səhifələrindən biridir. Ötən əsrin ortalarında sənaye mərkəzi kimi formalaşmağa başlayan şəhər bu gün müasir infrastrukturu, iqtisadi potensialı, zəngin intellektual mühiti, gəncləri və vətənpərvər insanları ilə ölkəmizin inkişafında xüsusi yer tutur. Sumqayıtın keçdiyi yol zəhmətin, quruculuğun, tərəqqinin və milli dövlətçilik ideallarına sədaqətin tarixidir. Sumqayıtın inkişaf mərhələlərinə nəzər saldıqda aydın görünür ki, şəhərin taleyi Azərbaycanın ümumi inkişaf strategiyası ilə sıx bağlı olub. Müxtəlif dövrlərdə ölkənin sənaye potensialının formalaşmasında mühüm rol oynayan Sumqayıt bu gün yeni iqtisadi reallıqlara uyğun olaraq müasirləşir, yenilənir və öz inkişaf modelini daha da təkmilləşdirir. Artıq Sumqayıt yalnız sənaye şəhəri deyil, həm də müasir urbanizasiya, innovasiya, təhsil və gənclər siyasətinin uğurlu nümunələrindən biridir. Bu inkişafın təmin olunmasında Prezident cənab İlham Əliyevin Sumqayıta xüsusi diqqət və qayğısı müstəsna əhəmiyyət daşıyır. Dövlət başçısının prezidentlik fəaliyyəti dövründə şəhərə 35 dəfə səfər etməsi Sumqayıtın ölkənin sosial-iqtisadi inkişaf strategiyasında tutduğu mövqenin bariz göstəricisidir. Bu səfərlər zamanı həyata keçirilən açılışlar, təməlqoyma mərasimləri, sakinlərlə görüşlər və verilən tapşırıqlar şəhərin inkişafına yeni istiqamətlər qazandırıb.
Cənab Prezident Sumqayıtı dəfələrlə Azərbaycanın mühüm sənaye mərkəzi kimi səciyyələndirib və şəhərin sənaye potensialının müasir texnologiyalar əsasında inkişaf etdirilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Bu siyasi iradənin konkret nəticələrindən biri Sumqayıt Kimya Sənaye Parkının yaradılmasıdır. Parkın fəaliyyəti şəhərin iqtisadi həyatında yeni mərhələnin başlanğıcını qoyaraq qeyri-neft sektorunun inkişafına, yerli istehsalın genişlənməsinə, ixrac imkanlarının artmasına və yeni iş yerlərinin yaradılmasına ciddi töhfə verib.
Bu gün Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələr ölkəmizin sənaye potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müxtəlif istehsal sahələrinin yaradılması, müasir texnologiyaların tətbiqi, yerli və xarici investorların cəlb edilməsi Sumqayıtın ənənəvi sənaye kimliyini yeni iqtisadi məzmunla zənginləşdirir. Polipropilen, laminatlı kisə, karton və qutu istehsalı, güzgü vərəqə və digər sənaye müəssisələrinin fəaliyyəti şəhərin istehsal imkanlarının genişliyini nümayiş etdirir. Bu proses eyni zamanda Azərbaycanın idxaldan asılılığının azaldılmasına və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Sumqayıtın müasir simasının formalaşması yalnız sənaye inkişafı ilə məhdudlaşmır. Şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, yeni yaşayış komplekslərinin, sosial obyektlərin və müasir infrastrukturun yaradılması insanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib. Xüsusilə Sumqayıt Bulvarının salınması şəhərin ictimai və mədəni həyatında mühüm hadisəyə çevrilib. Xəzər dənizinin sahilində yaradılmış bu müasir istirahət məkanı Sumqayıtın memarlıq və şəhərsalma baxımından yenilənməsinin rəmzlərindən biridir. Vaxtilə əsasən sənaye şəhəri kimi tanınan Sumqayıt bu gün həm də müasir şəhər mühitinin, yaşıllıq və istirahət məkanlarının inkişaf etdiyi bir mərkəz kimi diqqət çəkir. Şəhərin inkişafında yerli idarəetmənin rolu da xüsusi qeyd olunmalıdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhərin müvafiq qurumlarının əlaqələndirilmiş fəaliyyəti Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetlərinin yerli səviyyədə həyata keçirilməsinə xidmət edir. Şəhər infrastrukturunun yenilənməsi, kommunal xidmətlərin təkmilləşdirilməsi, abadlıq işlərinin genişləndirilməsi və sosial problemlərin həlli istiqamətində görülən tədbirlər bu fəaliyyətin əsas istiqamətləridir. Əsas məqsəd Sumqayıtın iqtisadi inkişafını sakinlərin gündəlik həyatında hiss olunan sosial rifaha çevirməkdir. Sumqayıtın ən böyük sərvəti isə heç şübhəsiz, onun insanlarıdır. Əməksevərliyi, qonaqpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı və vətənpərvərliyi ilə seçilən sumqayıtlılar şəhərin 77 illik inkişaf tarixinin əsas müəllifləridir. Bu şəhəri qurub-yaradan, sənaye müəssisələrində çalışan, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fədakarlıq göstərən insanların zəhməti Sumqayıtın ictimai kimliyini formalaşdırıb. Burada müxtəlif nəsillərin nümayəndələrini birləşdirən əsas dəyər doğma şəhərə və Azərbaycana bağlılıqdır. Sumqayıtın təhsil ənənələri də şəhərin intellektual potensialının mühüm göstəricisidir. Şəhərin məktəbləri, müəllimləri, ali və orta ixtisas təhsili müəssisələri ölkəmizin təhsil sistemində özünəməxsus yer tutur. Sumqayıtlı şagirdlərin respublika və beynəlxalq olimpiadalarda uğurları, müəllimlərin peşəkarlığı, gənclərin elmə və innovasiyalara artan marağı bu potensialın davamlılığını təsdiqləyir. Təhsilin keyfiyyətinə verilən önəm şəhərin gələcək inkişafı üçün mühüm insan kapitalı formalaşdırır. Sumqayıt Dövlət Universiteti də elmi və kadr potensialının inkişafında, regionun intellektual mühitinin zənginləşməsində əhəmiyyətli rol oynayır.
Şəhərin idman həyatında qazanılan nailiyyətlər də xüsusi vurğulanmalıdır. Sumqayıtlı idmançılar müxtəlif idman növləri üzrə ölkə və beynəlxalq yarışlarda uğurla çıxış edərək Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Onların qələbələri yalnız fərdi idman nailiyyəti deyil, həm də ölkəmizin idman nüfuzuna, gənc nəslin sağlam və fəal həyat tərzinə mühüm töhfədir.
Sumqayıtın ziyalıları, elm və mədəniyyət xadimləri, müəllimləri, həkimləri, mühəndisləri və ictimai fəalları da şəhərin ictimai-siyasi həyatında mühüm mövqeyə malikdirlər. Onların dövlətçilik ənənələrinə sədaqəti, milli maraqlara bağlılığı və ictimai proseslərdə fəal iştirakı Sumqayıtın mənəvi-intellektual gücünü nümayiş etdirir. Şəhərin ziyalı mühiti hər zaman Azərbaycanın inkişafına, dövlət siyasətinin dəstəklənməsinə və milli-mənəvi dəyərlərin qorunmasına öz töhfəsini verib.
Sumqayıtın tarixində xüsusi və əbədi yer tutan hadisələrdən biri də 44 günlük Vətən müharibəsidir. Bu müharibə şəhərin yalnız sənaye və əmək qəhrəmanlığını deyil, həm də milli ruhunu, vətənə sədaqətini və döyüş əzmini bütün dünyaya nümayiş etdirdi. Sumqayıtlı gənclərin Vətən uğrunda göstərdikləri igidlik, döyüş meydanında nümayiş etdirdikləri fədakarlıq əsl qəhrəmanlıq dastanına çevrildi. Onlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək tarix yazdılar, adlarını xalqımızın yaddaşına əbədi həkk etdilər. Bu gün Sumqayıtın adı çəkiləndə yalnız sənaye şəhəri və gənclər şəhəri anlayışları deyil, həm də Qəhrəmanlar şəhəri ifadəsi yada düşür. Çünki bu şəhər Vətənə igid oğullar yetişdirib, onların qəhrəmanlığı ilə öz tarixinin ən şərəfli səhifələrindən birini yazıb. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin göstərdiyi fədakarlıq hər bir sumqayıtlının qəlbində xüsusi yer tutur. Bizim borcumuz onların əmanət qoyduğu Vətəni daha da gücləndirmək, dövlətimizin inkişafına töhfə vermək və gələcək nəsillərə qalib Azərbaycanın dəyərlərini aşılamaqdır. Bu gün Sumqayıtın inkişafı Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin də tərkib hissəsidir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri iqtisadi gücünü artırmaq, regionların tarazlı inkişafını təmin etmək və vətəndaşların rifahını daha da yüksəltməkdir. Sumqayıt bu hədəflərin həyata keçirilməsində sənaye, təhsil, insan kapitalı və sosial infrastruktur imkanları ilə mühüm rol oynayır.
77 illik inkişaf yolu keçən Sumqayıt bu gün yeni çağırışlar və imkanlar qarşısındadır. Sənayenin daha da şaxələndirilməsi, ekoloji tarazlığın qorunması, innovativ texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması, təhsil və elmi potensialın istehsalatla əlaqələndirilməsi şəhərin gələcək inkişafının əsas istiqamətləri olmalıdır. Xüsusilə müasir sənaye şəhərinin inkişafı iqtisadi səmərəliliklə yanaşı, ekoloji təhlükəsizlik və sağlam şəhər mühitinin təmin edilməsini də tələb edir. Əminliklə demək olar ki, Sumqayıtın bugünkü inkişafı Prezident cənab İlham Əliyevin müəyyən etdiyi strateji kursun nəticəsidir. Dövlət başçısının şəhərə müntəzəm səfərləri, verdiyi tapşırıqlar və mühüm layihələrin icrasına göstərdiyi diqqət Sumqayıtın inkişafına davamlı stimul verir. 77 yaşlı Sumqayıt bu gün keçmişinin zəhmət ənənələrini gələcəyin müasir inkişaf hədəfləri ilə birləşdirir. O, sənayesi ilə Azərbaycanın iqtisadi qüdrətinə töhfə verən, təhsili ilə intellektual potensial yetişdirən, idmanı ilə ölkəmizi dünyada tanıdan, qəhrəman övladları ilə tarix yazan bir şəhərdir. Sumqayıtın 77 illiyi həm də onun insanlarının zəhmətinə, fədakarlığına və vətənpərvərliyinə ehtiram günüdür. Bu şəhərin keçmişi ilə qürur duymaq, bugünkü inkişafını qorumaq və gələcəyini daha parlaq qurmaq hər bir sumqayıtlının ortaq məsuliyyətidir. Sumqayıt Azərbaycanın sənaye qüdrətinin, quruculuq əzminin və qəhrəmanlıq ruhunun təcəssümüdür. Bu şəhər inkişaf edir, yenilənir və gələcəyə inamla addımlayır. 77 yaşlı Sumqayıtın ən böyük gücü isə onun insanları, dövlətinə sədaqəti və Azərbaycanın parlaq gələcəyinə olan inamıdır.
Mehriban Vəliyeva,
Milli Məclisin deputatı