Ümumdünya Ərzaq Proqramı (ÜƏP) gələn il təqribən 91 milyon insana kömək etmək üçün 12,1 milyard dollar tələb edəcək. BMT-nin bu strukturu, həmçinin maliyyə çatışmazlığının davam etməsi və yeni qlobal ərzaq böhranının yaxınlaşması fonunda milyonlarla insanın aclıq çəkəcəyi barədə xəbərdarlıq edib.
“İki sahil” BMT-nin məlumatına istinadla xəbər verir ki, ÜƏP-in icraçı direktorun müavini Metyu Hollinqvort Cenevrədə jurnalistlərə 2027-ci il üçün “Qlobal perspektiv” hesabatını təqdim edərkən bildirib: “Hər gün aclıq çəkən ən çox köçkün və ən həssas insanlara çatmaq üçün əlavə səy göstərməyə davam edəcəyik”.
Hesabatda göstərilir ki, münaqişələr, iqtisadi şoklar və iqlim dəyişmələri ərzaq böhranının və humanitar ehtiyacların artmasına səbəb olur. Bu səbəblərdən dünyada azı 266 milyon insan kəskin aclıqla üzləşir, təxminən 39 milyon nəfər fövqəladə və ya daha pis vəziyyətdədir. Bu, yardım büdcələrinin davamlı azalması və ÜƏP-i yalnız ən kritik hallara üstünlük verməyə məcbur etdiyi vaxtda baş verir.
ÜƏP nümayəndəsi əlavə edib: “Komandalarımız yerində çox çətin qərarlar qəbul etməli olur. Labüd olaraq, ehtiyacı olan bir çox insana yardım edə bilmirik. Narahatedici fakt odur ki, mövcud mühitdə yardım edə bilməyəcəyimiz insanların sayı daha da artacaq”. O, Hörmüz və Bab əl-Məndəb boğazlarında, Qara dənizdə yaranan mürəkkəb vəziyyətə istinad edərək münaqişənin “üç vacib gəmiçilik zolağına üçqat maneə yaratdığını” vurğulayıb. Bundan əlavə, “El-Ninyo” iqlim hadisəsi məhsul yığımını pozur, yanacaq və nəqliyyat xərcləri artır və bütün bu amillər ərzaq qiymətlərinə təsir göstərir. “Biz tezliklə COVID-dən altı il sonra üçüncü qlobal ərzaq böhranı ilə üzləşə bilərik”- deyə Hollinqvort xəbərdarlıq edib.
ÜƏP öz sərəncamında olan resursları ən çox ehtiyacı olan ərazilərə yönəltməyə, hər dolların maksimum təsir göstərməsini təmin etməyə imkan verən çevik, planlı maliyyələşdirməyə çağırıb, eyni zamanda, bu məsələdə hökumətlərə, humanitar təşkilatlara daha sıx əməkdaşlıq təklif edib.
Rumıniyada nazir müavini qaçaqmalçılıqda ittiham olunur: 880 min avroluq qalmaqal