22 noyabr 2026 15:09
108

Azərbaycan Fransa və İsveçrəni geridə qoydu – BMT reytinqində böyük irəliləyiş

“Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində mövqeyini 36 pillə yaxşılaşdıraraq dünyada 38-ci yerə çıxması ölkəmizdə rəqəmsal dövlət idarəçiliyinin inkişafı istiqamətində görülən işlərin mühüm nəticəsidir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

Onun sözlərinə görə, BMT-nin 19 noyabr 2026-cı ildə açıqladığı indeksdə Azərbaycanın 0,8847 balla 38-ci mövqedə yer alması ölkəmizin beynəlxalq səviyyədə rəqəmsal imkanlarının artdığını göstərir:

“Azərbaycan Braziliya, Çin, İtaliya, Fransa və İsveçrə kimi ölkələri geridə qoyub. Ölkəmiz əvvəlki ən yüksək nəticəsini yeniləyərək 2016-cı ildəki mövqeyini 18 pillə yaxşılaşdırıb. İndi əsas vəzifə əldə olunan irəliləyişi davam etdirmək və bu üstünlüyü qorumaqdır”.

Cəsarət Hüseynzadə vurğulayıb ki, nəticənin əsasında dövlətin ardıcıl siyasəti və aidiyyəti qurumların fəaliyyəti dayanır. Vətəndaş cəmiyyəti isə ictimai dəstəyin gücləndirilməsi, mövcud çətinliklərin gündəmə gətirilməsi və əhalinin rəqəmsal xidmətlərdən istifadəsinin genişləndirilməsi ilə prosesə töhfə verə bilər.

QHT sədri yüksəlişi şərtləndirən amillərə də toxunub: “Prezident İlham Əliyevin rəqəmsal inkişafa ayırdığı diqqət, strateji sənədlərin qəbulu və idarəetmə mexanizmlərinin yenilənməsi bu uğurun əsasını təşkil edir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti də qurumlar arasında əlaqələndirmənin güclənməsi baxımından mühüm rol oynayır.

Azərbaycanın Onlayn Xidmətlər İndeksində 56 pillə yüksələrək 11-ci yerdə qərarlaşması xüsusilə əlamətdardır. “mygov” platformasının genişlənməsi, “digital.bridge” üzərindən məlumat mübadiləsi, elektron sənəd dövriyyəsi və “Kağızsız hökumət” yanaşmasının tətbiqi bu inkişafın praktik nümunələridir”.