Şölət Zeynalov: Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər Strategiyası ideoloji olaraq yalnız hərbi-diplomatik sferanı deyil, bütövlükdə ideologiyanın nəzəri və praktik determinizminin dialektik vəhdətini ehtiva edir
Güclü dövlətçiliyə, vətəndaş birliyinə, milli-mənəvi dəyərlərin qorunmasına söykənən azərbaycançılıq məfkurəsi müstəqil Azərbaycan dövlətinin əsasını təşkil edən, ölkədə yaşayan bütün etnik və dini qrupları birləşdirən, Vətən müharibəsində qazanılan tarixi Zəfərin əsas mənəvi və ideoloji təməlində dayanan ümummilli dövlətçilik ideologiyasıdır. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev əsrlər boyu formalaşmış azərbaycançılıq hissini müstəqillik dövründə mükəmməl siyasi-ideoloji konsepsiya və dövlətçilik təlimi səviyyəsinə yüksəltmişdir. Ümummilli Lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında demişdir: “Azərbaycançılıq-öz milli mənsubiyyətinin saxlanılması, milli-mənəvi dəyərlərin saxlanılması, eyni zamanda onların ümumbəşəri dəyərlərin sintezi, inteqrasiyası ilə zənginləşməsi, hər bir insanın inkişafının təmin edilməsi deməkdir”.
Qırx dörd günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əsas mənəvi və ideoloji təməli azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya Azərbaycan xalqını vahid Vətən və dövlətçilik ətrafında birləşdirərək möhtəşəm Qələbəni təmin edən milli həmrəyliyin formalaşmasında həlledici rol oynamışdır. Tarixi Zəfərlə nəticələnən İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, xalqımız vahid ideya ətrafında birləşdikdə və eyni hədəfə vurduqda öz milli maraqlarını gerçəkləşdirmək potansialını realizə edə bilir.

Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən, “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir” deyən Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək bildirib: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov mövzu ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərək bildirdi ki, müasir fəlsəfi, politoloji və geosiyasi fikrin ən aktual paradiqmalarından biri-ideologiyanın strukturlaşması və onun real fəaliyyət müstəvisində reallaşmasında liderlik amilinin həlledici fenomen kimi təsbit edilməsi xüsusi vurğulanır. Mübaliğəsiz qeyd edə bilərik ki, fəlsəfi-geopolitik anlamda Lider- ideoloji arxetipi zamanın çağırışlarına uyğun olaraq yenidən vizuallaşdıra bilən, tarixi zərurəti subyektiv iradənin sarsılmaz qətiyyəti ilə vahid müstəvidə birləşdirən universal geosiyasi strateqdir.
Azərbaycançılıq məfkurəsi ideoloji təməl kimi
Ş. Zeynalov qeyd etdi ki, Azərbaycanın müasir dövlətçilik və ideologiya fəlsəfəsinin ontoloji təməli bilavasitə Ulu Öndər Heydər Əliyevin adı, siyasi fəlsəfəsi və geosiyasi dühası ilə bağlıdır: “Heydər Əliyev fenomeninin fəlsəfi böyüklüyü ondadır ki, o, hələ Sovet totalitar rejiminin monolit sərt ideoloji çərçivələri daxilində fəaliyyət göstərərkən belə milli azərbaycançılıq məfkurəsinin təməllərini atmağı bacarmışdı. Ümummilli Lider çox gözəl bilirdi ki, ideologiya xalqın taleyidirsə, bu taleyi formalaşdıracaq intellektual və struktur bazis milli kadr potensialıdır. Məhz onun strateji uzaqgörənliyi sayəsində təhsildə, elmdə, səhiyyədə, iqtisadiyyatda və təhlükəsizlik sferasında yetişdirilən milli elita, gələcək müstəqil Azərbaycanın ideoloji və institusional sütunlarını təşkil etdi. Müstəqilliyin ilk illərində ölkəni parçalanmaqdan və milli fəlakətdən xilas edən Ulu Öndər azərbaycançılıq məfkurəsi ətrafında xalqı birləşdirərək ideologiyamızı modern bir siyasi-fəlsəfi sistem kimi təsbit etdi və onu inkişafımızın ana doktrinasına çevirdi”.
Suverenliyin tam bərpa olunması ilə Qarabağ və Şərqi Zəngəzur yeni strateji quruculuq məkanına çevrilib

Ş.Zeynalov bildirdi ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli ideoloji xətti yeni bir təkamül və inkişaf mərhələsinə qədim qoyub: “Nəzəri təhlillər göstərir ki, dövlət başçısının formalaşdırdığı ideoloji paradiqmalar təkcə lokal xarakter daşımır; əksinə, bu yeni inkişaf hədəfləri regional və qlobal miqyasda geosiyasi nizamın fundamental prinsiplərini əhatə edir. Bu dövrün tarixi və qlobal mahiyyəti onunla bağlıdır ki, Azərbaycan Şərq-Qərb dialoqunun və əməkdaşlığının mərkəzinə çevrilmiş, ardınca isə çevik siyasət və güclü ideoloji strategiya hesabına tarixi torpaqlarımız işğaldan azad edilmişdir. Son yarım əsrlik dünya tarixində bu miqyasda və bu formatda ikinci bir tarixi uğura rast gəlinməmişdir. Təbii ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər strategiyası ideoloji olaraq yalnız hərbi-diplomatik sferanı deyil, bütövlükdə ideologiyanın nəzəri və praktik determinizminin dialektik vəhdətini ehtiva edir”.
Həmsöhbətimiz əlavə etdi ki, Vətən müharibəsindən sonra region ölkələri ilə münasibətlər tamamilə yeni, pozitiv və əməkdaşlığa söykənən istiqamətdə inkişaf edir: “Prezident İlham Əliyevin ideoloji paradiqmaları həm dünyada, həm də regionda əsrimizin yeni geosiyasi reallıqlarını yaradıb, Vaşinqton platforması daxil olmaqla sülh müddəalarının məhz Azərbaycanın prinsipləri əsasında formalaşmasını şərtləndirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Zəfər ideoloji sistemin praktiki və əməli müstəvidəki ən böyük təsdiqidir. Çünki istənilən ideologiyanın real gücü onun tətbiqində və doğurduğu konkret nəticədədir. Bu mənada Qarabağ və Şərqi Zəngəzur hazırda sadəcə coğrafi bərpa məkanı deyil, yeni intellektual, texnoloji və ekoloji quruculuq konsepsiyasının, fəlsəfi konstruksiyasının real təzahürüdür. Bu reallıq bir daha təsdiq edir ki, ideologiyanın formalaşmasında Lider amili müstəsna rol oynayır”.
Zahid Rza, “İki sahil”