Qadınlara qarşı zorakılığın qarşısının alınması, zərərçəkmiş şəxslərin müdafiəsi və onların hüquqlarının təmin edilməsi dövlət qurumlarının, vətəndaş cəmiyyətinin və bütövlükdə cəmiyyətin birgə fəaliyyətini tələb edir. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, institusional tədbirlərin və əlaqələndirmə mexanizmlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova noyabrın 24-də “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransdakı çıxışında səsləndirib.
Komitə sədri bildirib ki, son dövrdə bu sahədə mühüm qanunvericilik dəyişiklikləri həyata keçirilib, institusional tədbirlər və yeni mexanizmlər reallaşdırılır.
Bahar Muradova konfransın 25 Noyabr – Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Gün münasibətilə başlayan 16 günlük fəallıq kampaniya ərəfəsində keçirilməsinin tədbirə əlavə aktuallıq qazandırdığını vurğulayıb. "Noyabrın 25-dən dekabrın 10-dək – Beynəlxalq İnsan Hüquqları Gününə qədər davam edən kampaniya qadınların hüquqlarının qorunmasına, onlara qarşı müxtəlif təzyiq, təhdid və zorakılıq hallarının qarşısının alınmasına, zərərçəkmiş şəxslərin müdafiəsinə və cinayət törədənlərin cəzasız qalmamasına diqqət yönəldir. Zorakılığa qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalıdır. Bu problemin sosial və mənəvi səbəbləri də araşdırılmalı, onların aradan qaldırılması üçün cəmiyyətin və aidiyyəti qurumların səyləri birləşdirilməlidir", - deyə B.Muradova bildirib.