25 noyabr 2026 12:12
185

Mikro sahibkarlıq subyektlərinin böyüməsinin stimullaşdırılması

Mikro sahibkarlıq subyektləri məşğulluğun təmin edilməsində, iqtisadi aktivliyin artırılmasında və regionlarda sahibkarlığın inkişafında mühüm rol oynayır. Lakin aparılan təhlillər və sahibkarlarla keçirilən müzakirələr göstərir ki, fəaliyyət miqyası genişləndikcə daha yüksək sahibkarlıq kateqoriyasına keçid zamanı vergi yükünün artması onların böyümə motivasiyasını zəiflədən əsas amillərdən biridir.

​Bu fiskal yükün yumşaldılması və bizneslərin böyüməsinin stimullaşdırılmasıməqsədilə Vergi Məcəlləsinə dəyişiklik layihəsində yeni güzəşt mexanizmi nəzərdə tutulur. Belə ki, dövriyyə həcminə əsasən, yuxarı sahibkarlıq subyekti kateqoriyasına keçid edən mikro sahibkarlıq subyektlərinə əvvəlki hesabat ili üzrə hesablanmış və ödənilmiş sadələşdirilmiş vergi və gəlir (mənfəət) vergisinin 100 faizi həddində vergi güzəştinin müəyyən edilməsi nəzərdə tutulur. Həmin məbləğ illər üzrə silinmə məhdudiyyəti qoyulmadan, subyektin yuxarı kateqoriyada olduğu növbəti illər ərzində ümumi vergi öhdəliyindən çıxılacaq.

​Təklif olunan mexanizm yeni kateqoriyaya keçən sahibkarların likvidlik risklərini azaltmaqla investisiya imkanlarını genişləndirəcək, sahibkarlığın mərhələli inkişafını dəstəkləməklə yanaşı, kölgə iqtisadiyyatına meyli azaldacaq. Nəticədə, mikro bizneslərin daha yüksək kateqoriyalara keçidi sürətlənəcək.

Nümunə: Mikro sahibkarlıq subyekti kimi topdansatış fəaliyyəti göstərən müəssisənin illik dövriyyəsi 200 min manat həddini keçdiyi üçün 2027-ci ildə kiçik sahibkarlıq subyekti kateqoriyasına daxil olur. Müəssisə 2026-cı il üzrə dövlət büdcəsinə 2000 manat məbləğində mənfəət vergisi hesablayıb ödəyib. Yeni güzəşt mexanizminə əsasən, bu məbləğ sahibkarın hesabında vergi güzəşti kimi tanınır. 2027-ci ildə kiçik sahibkar kimi onun ümumi vergi öhdəliyi 1500 manat olarsa, həmin məbləğ 2000 manatlıq güzəşt hesabına tam qarşılanır və sahibkar 2027-ci il üzrə faktiki olaraq vergi ödəmir. Qalan 500 manat məbləğ isə növbəti illərin vergi öhdəliyindən çıxılır.