25 noyabr 2026 13:31
146

Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətlərində tarixi gündür

Bu gün Azərbaycan və Litva arasında münasibətlərdə tarixi gündür.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə brifinqdə deyib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional və beynəlxalq məsələlər müzakirə edilib.

Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlər tarixən açıq dialoq və qarşılıqlı hörmət əsasında qurulub, siyasi dialoq liderlər səviyyəsində müsbət və intensiv xarakter daşıyıb:

"Bu il iki ölkənin prezidentləri arasında qarşılıqlı səfərlər, həmçinin Dublində müsbət görüş və təmas baş tutub. Bundan başqa, Litvanın Baş naziri apreldə Azərbaycana səfər edib və səfər çərçivəsində ətraflı müzakirələr aparılıb. Bu gün iki ölkə arasında münasibətlər baxımından tarixi gündür. 2007-ci ildə ölkələrimiz arasında ilk çərçivə sənədi imzalanmışdı, bu gün isə artıq Azərbaycan-Litva arasında strateji əməkdaşlığa dair Birgə Bəyannaməni imzaladıq".

Nazir həmçinin bildirib ki, bu ilin iyun ayında Vilnüsdə Azərbaycan və Litvanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. O, bunu iki ölkənin xarici işlər nazirlikləri arasında mühüm əməkdaşlıq platforması kimi qiymətləndirib.

C.Bayramov əlavə edib ki, tərəflər siyasi məsləhətləşmələrin mütəmadi şəkildə keçirilməsi barədə qarşılıqlı razılığa gəliblər.