26 noyabr 2026 00:49
165

Ermənistan tarixi sınaqdan necə çıxacaq?..

Cənubi Qafqazda sülhün və sabitliyin qorunması istiqamətində strateji addımlar reallaşdıran Azərbaycan dövləti daim sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edir. Ermənistanla münasibətlərin normallaşması və sülh sazişinin hazırlanması təşəbbüsü məhz rəsmi Bakı tərəfindən irəli sürülüb. Azərbaycan münasibətlərin normallaşması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınmasına əsaslanan beş baza prinsipini təqdim edib. Hazırda İrəvanla müzakirə olunan sülh müqaviləsinin müəllifi də rəsmi Bakıdır.

Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uğurlu diplomatiyası sayəsində başladılan sülh prosesi regionda sabitlik, qarşılıqlı anlaşma və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. 2025-ci il avqustun 8-də ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalanıb və sülh sazişi paraflanıb. ATƏT-in Minsk qrupunun ləğvinə dair qərar olunub. Azərbaycan tərəfi sülhün qurulması istiqamətində Ermənistana tətbiq edilən tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək və Orta Dəhlizin bir hissəsi olacaq Zəngəzur dəhlizi “Beynəlxalq Sülh və Rifah naminə Trapm Marşrutu” (TRIPP) üzrə 2026-cı ilin noyabrında əməli icra mərhələsinə başlanılıb.

Dövlətimizin başçısı 2023-cü ilin sentyabrında suverenliyin tam bərpasından sonra münaqişənin həll olunduğunu, 2026-cı ilin oktyabrında isə “Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur” deyə bildirib. Ermənistanın baş naziri də öz növbəsində 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmaların ildönümündə “Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub” bəyanatını verib.

 Bundan başqa, tərəflər arasında sərhədin delimitasiyası prosesi davam edir, 2026-cı ildən etibarən ilk ticarət əməliyyatları həyata keçirilib, regional kommunikasiyaların açılması üzrə sənədlər ratifikasiya olunub.  2026-cı il noyabrın 12-də Prezident İlham Əliyev ilə baş nazir Nikol Pşainyan Dublində görüşərək sülh gündəliyini, TRIPP marşrutunu və sərhəd delimitasiyasını müzakirə ediblər.

Qeyd edildiyi kimi, artıq iki ölkə arasında hərbi münaqişə səhifəsi bağlanıb. Lakin yekun sülh müqaviləsinin imzalanması üçün son hüquqi addımlar hələ davam edir. Yekun sülh müqaviləsinin imzalanması üçün Bakının əsas tələbi Ermənistan Konstitusiyasından müstəqillik aktına istinadın, yəni, Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Belə ki, Ermənistan müstəqillik aktında Ermənistan dövlətinin Dağlıq Qarabağla birləşməsi haqqında müddəa var.

Cari ilin noyabrında Nikol Paşinyan yeni Konstitusiya layihəsini açıqlayıb və referendumla yeni sənəd qəbul edildikdən sonra sülh sazişinin imzalanacağını təsdiqləyib. Bu günlərdə qonşu ölkədə yeni konstitusiya layihəsinin mətni dərc olunub. Hökumət sənədin preambulasından 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad çıxarıb. Yeni layihənin preambulasında konstutisiya erməni xalqının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqil, dinc və firavan dövləti qorumaq və inkişaf etdirmək barədə kollektiv razılığı kimi təsvir edilir. Baş nazir Nikol Paşinyan bu addımı “münaqişə məntiqindən imtina” və sülh sazişinin imzalanması üçün şərait yaradan mərhələ kimi qiymətləndirib. AzərbaycanXarici işlər naziri Ceyhun Bayramov ərazi iddiası ehtiva edən istinadın çıxarılmasını müsbət inkişaf adlandırıb. O, bildirib ki, məsələ yekun həllini tapdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq.

Ermənistan mediasında yayılan məlumatdan aydın olur ki, 89 maddədən ibarət sənəddə Müstəqillik Bəyannaməsinə istinad edilməyib. Sənədin referenduma çıxarılması üçün hakimiyyət ümumi deputat sayının üçdə ikisinin-105 deputatdan azı 70-nin dəstəyini almalıdır. Hakim “Vətəndaş Müqaviləsi” partiyasının 64 mandatı olduğu üçün layihənin referenduma çıxarılması ən azı 6 müxalifət deputatının dəstəyindən asılıdır. Ermənistandakı “Güclü Ermənistan” və “Ermənistan” müxalifət fraksiyaları isə bundan əvvəl layihəni xarici təzyiq ailtında hazırlanmış sənəd adlandıraraq tənqid ediblər. Həmçinin referenduma dəstək verməyəcəklərini, hətta bunun Azərbaycanın tələblərindən irəli gəldiyini bildiriblər.

Bunların fonunda N.Paşinyan noyabrın 23-də xalqa müraciətində bildirib ki, hazırkı konstitusiya ölkəni dağılma həddinə gətirib çıxarıb. Yeni konstitusiya isə Ermənistana “institusional sülhə” nail olmağa və xalqa xidmət edən, “cinayətkar oliqarxik sistemə” deyil, ədalət sistemini formalaşdırmağa imkan verəcək. Yeri gəlmişkən, yeni layihədə dövlət gerbinin üzərindəki Türkiyə ərazisində yerləşən Ağrı dağı və Nuhun gəmisi təsvirlərinin mətndən çıxarılması Ankara-İrəvan münasibətlərinin normallaşmasına əhəmiyyətli təsir göstərəcək.

Baş nazir müxalifət partiyalarını ölkəni həssas vəziyyətdə saxlamaq məqsədilə yeni konstitusiyanın qəbuluna mane olmaqda ittiham edib. O, bir daha parlament müxalifətini yeni konstitusiya üzrə referendumun keçirilməsini dəstəkləməyə çağırıb. N.Paşinyan seçicilər konstitusiyanı rədd edərsə istefa verəcəyini, konstitusiya qəbul olunacağı təqdirdə isə növbəti parlament seçkilərində, istər planlaşdırılmış, istərsə də növbədənkənar seçkilərdə namizəd olmayacağını bir daha diqqətə çatdırıb.

…İndi erməni cəmiyyəti tarixi sınaq qarşındadır. İnanmaq istərdik ki, erməni xalqı yeni “sülh konstitusiyası” layihəsini dəstəkləyərək regionda davamlı sülhün, əməkdaşlığın bərqərar olmasına əsas hüquqi maneəni aradan qaldıracaq, bölgədəki yeni reallıqlara uyğunlaşaraq Cənubi Qafqazda təməlli normallaşma prosesini sürətləndirəcək. Erməni xalqının bu taleyüklü sınaqdan necə çıxacağını isə zaman göstərəcək…

Zahid Rza, “İki sahil”