27 noyabr 2026 17:49
189

Psixiatriya müəssisələrində ciddi nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda yerləşən iki psixiatriya müəssisəsinə başçəkmələr həyata keçirilib.

Milli Preventiv Qrupun üzvləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində və Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında olublar.

Başçəkmələrin məqsədi müəssisələrdə pasiyentlərin saxlanma şəraitini, onlarla rəftarı, psixiatriya yardımının təşkilini, eləcə də hüquq və qanuni mənafelərinin təmin olunması vəziyyətini araşdırmaq olub.

Araşdırmalar zamanı hər iki müəssisədə ciddi çatışmazlıqlar müəyyən edilib. Belə ki, pasiyentlərin mövsümə uyğun geyim və şəxsi gigiyena vasitələri ilə təminatının lazımi səviyyədə olmadığı, yataq ləvazimatlarının yararsız vəziyyətə düşdüyü, qidalanmanın təşkili və kadr təminatında nöqsanların mövcudluğu aşkarlanıb. Həmçinin müəssisələrin binalarında təmir işlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilib.

Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində ixtisaslı həkim ştatları üzrə vakansiyaların mövcudluğu, qidalanmanın təsdiqlənmiş menyu əsasında təşkil edilməməsi və gündəlik qida normalarına tam riayət olunmaması qeydə alınıb. Bundan əlavə, camaşırxana avadanlıqlarının işlək vəziyyətdə olmadığı müəyyən edilib. Kadr çatışmazlığının peşəkar tibbi xidmətlərin əlçatanlığına da mənfi təsir göstərdiyi bildirilib.

Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında isə kişi və qadın şöbələrinin bəzi palatalarında istilik sisteminin işləmədiyi, sanitariya-gigiyenik şəraitin qənaətbəxş olmadığı və sanitar qovşaqlarının texniki vəziyyətində çatışmazlıqların olduğu aşkarlanıb. Eyni zamanda, pasiyentlərin qida rasionuna tərəvəzlərin daxil edilmədiyi, sənədləşmə işinin lazımi qaydada aparılmadığı müəyyən edilib.

Aşkar edilmiş nöqsanlar psixiatriya müəssisələrində tibbi xidmətin keyfiyyəti, pasiyentlərin gündəlik yaşayış şəraiti və hüquqlarının təmin olunması baxımından zəruri tədbirlərin görülməsini aktuallaşdırır. Xüsusilə kadr çatışmazlığı, qidalanma və sanitariya şəraitindəki problemlər yalnız təsərrüfat məsələsi deyil, psixiatriya yardımının əlçatanlığına və pasiyentlərin ləyaqətli şəraitdə yaşamaq hüququna birbaşa təsir edən amillərdir.

Başçəkmələr zamanı müəyyən edilmiş hallar “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla qiymətləndirilib. Müəssisə rəhbərliklərinə pasiyentlərin hüquq və qanuni mənafelərinin qorunması, saxlanma şəraitinin yaxşılaşdırılması, psixiatriya yardımının təşkili və sənədləşmə işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət olunacaq.