Kanada Xarici İşlər Nazirliyi Polşa ərazisində raket və dron qalıqlarının aşkar edilməsindən sonra Rusiyanın Ottavadakı səfirini çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
"Kanada müttəfiqləri ilə çiyin-çiyinə dayanır. Biz NATO ərazisinin müdafiəsinə və Ukraynaya dəstəyə tam sadiqik", - məlumatda qeyd olunub.
Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov, Avropa İttifaqı və NATO ölkələrinin hava məkanının qəsdən pozulması ilə bağlı ittihamları təkzib edib.
"Polşa ilə bağlı son insident bir daha göstərdi ki, Qərb hökumətləri inandırıcı sübutlar təqdim etmədən və hətta baş verənlərin şəraitini Moskva ilə qurulmuş əlaqə kanalları vasitəsilə əvvəlcədən aydınlaşdırmağa cəhd etmədən bu cür ittihamları ictimai şəkildə irəli sürməyə tələsirlər. Belə yanaşma bu ittihamlara olan inamı sarsıdır", - səfirin diplomatik nümayəndəliyin "Telegram" kanalındakı bəyanatında qeyd olunub.
Xatırladaq ki, noyabrın 20-də Polşanın Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış ölkə ərazisinə iki Rusiya raketinin və pilotsuz uçuş aparatının düşdüyünü bildirib. Qalıqlar Lyublin və Podkarpatye voyevodluqlarında tapılıb, xəsarət alanlar və kritik infrastruktura ziyan yoxdur.