28 noyabr 2026 11:25
254

Xaçmazda yol qəzası baş verib, 26 yaşlı sürücü xilas edilib

Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə bildirilib ki, “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Abbasov Əkrəm Əsəd oğlu xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.