28 noyabr 2026 13:41
143

Torpaq sahələrinin sənədləşdirilməsi qaydası dəyişir – DEPUTATDAN AÇIQLAMA

Müzakirəmizə təqdim olunan Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini konseptual baxımdan dəstəkləyirəm.

“İki sahil”in məlumatına görə, bunu deputat Müşfiq Məmmədli Milli Məclisin plenar iclasında deyib.

“Cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi bu layihə vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması, uzun illər ərzində formalaşmış hüquqi problemlərin aradan qaldırılması və sosial ədalət prinsipinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyən M.Məmmədli əlavə edib: “Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən torpaq islahatı ölkəmizdə xüsusi mülkiyyət münasibətlərinin formalaşmasında, regionların sosial-iqtisadi inkişafında və əhalinin rifahının yüksəldilməsində müstəsna rol oynamışdır: “Lakin sonrakı dövrlərdə torpaq sahələrinin sənədləşdirilməsi mexanizmlərində baş verən dəyişikliklər müəyyən hüquqi problemlərin yaranmasına səbəb olmuşdur.

Belə ki, 2006-cı il iyulun 6-dək vətəndaşlara həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr verilmişdir. Həmin tarixdən sonra isə vətəndaşlara Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yalnız torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilmişdir.

Nəticədə eyni hüquqi əsaslarla torpaq sahəsi əldə etmiş vətəndaşlar fərqli hüquqi vəziyyətlə üzləşmişlər. Bir qrup vətəndaş öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bildiyi halda, digər qrup vətəndaş əlində rəsmi dövlət qurumu tərəfindən verilmiş sənəd olmasına baxmayaraq, bu imkandan məhrum olmuşdur”.

Deputatın sözlərinə görə, oxşar problem 2006–2015-ci illərdə bələdiyyələr tərəfindən ayrılmış və plan-ölçü sənədləri tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə də yaranmışdır: “Hesab edirəm ki, təqdim olunan qanun layihəsinin əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək mümkündür.

Birincisi, sosial ədalətin və hüquqi bərabərliyin təmin olunmasıdır.

Vətəndaş dövlət orqanlarının sənədləşdirmə mexanizmlərində baş vermiş dəyişikliklərin mənfi nəticələri ilə üzləşməməlidir. Eyni hüquqi əsaslarla torpaq əldə etmiş şəxslərin mülkiyyət hüquqlarının fərqli qaydada təmin olunması probleminin aradan qaldırılması hüquqi dövlət prinsiplərinə tam uyğundur.

İkincisi, mülkiyyət hüquqlarının iqtisadi dövriyyəyə inteqrasiyasıdır.

Torpaq sahəsinin dövlət qeydiyyatına alınması yalnız çıxarışın əldə edilməsi demək deyil. Bu, həm də vətəndaşın öz əmlakı üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, vərəsəlik qaydasında ötürmək və qanunvericiliyin tələblərinə uyğun olaraq girov predmeti kimi istifadə etmək imkanlarının genişləndirilməsi deməkdir.

Beləliklə, bu dəyişikliklər ailələrin iqtisadi imkanlarının genişlənməsinə, daşınmaz əmlak bazarının şəffaflaşmasına və regionlarda iqtisadi fəallığın artmasına töhfə verə bilər.

Üçüncüsü, vətəndaş-dövlət münasibətlərində etimadın daha da möhkəmləndirilməsidir.

Millət vəkilləri olaraq regionlarda keçirdiyimiz görüşlərdə daşınmaz əmlakın sənədləşdirilməsi məsələsinin vətəndaşları narahat edən aktual problemlərdən biri olduğunu müşahidə edirik.

Bu baxımdan qanun layihəsi xüsusilə kənd və qəsəbələrdə yaşayan, uzun illər həyətyanı torpaq sahələrindən istifadə edən, lakin mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməyən vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, hesab edirəm ki, qanunun icrası mərhələsində qeydiyyat mexanizmlərinin sadə, şəffaf və vətəndaşlar üçün əlçatan olması, arxiv məlumatlarından və elektron informasiya sistemlərindən səmərəli istifadə edilməsi, əlavə bürokratik maneələrin yaranmaması xüsusi diqqətdə saxlanılmalıdır”.

Müşfiq Məmmədli deyib ki, vətəndaşların hansı sənədlərlə və hansı qaydada müraciət edə biləcəkləri barədə geniş maarifləndirmə işinin aparılması da məqsədəuyğun olardı: “Təqdim olunan qanun layihəsi mahiyyət etibarilə yeni mülkiyyət hüququnun yaradılmasından daha çox, əvvəllər qanuni əsaslarla əldə edilmiş mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə hüquqi zəmin yaradır.

Bu təşəbbüs cənab Prezident İlham Əliyevin həyata keçirdiyi vətəndaş mərkəzli dövlət siyasətinin, mülkiyyət hüquqlarının qorunmasına və insanların sosial rifahının yüksəldilməsinə yönəlmiş islahatların məntiqi davamı kimi qiymətləndirilməlidir.

Bütün bunları nəzərə alaraq, qanun layihəsinin konsepsiyasını, məqsəd və vəzifələrini dəstəkləyir, birinci oxunuşda qəbul edilməsinə səs verəcəyəm”.