"Starlink"in sürətinə tətbiq edilən daimi məhdudiyyətlər fonunda Ukrayna İlon Maskın texnologiyasına alternativ axtarır. Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə hücum zamanı İsrailin "HiSKY" peyk rabitəsi provayderinin xidmətlərindən istifadə edib.
“İki sahil” xəbər verir ki, bu barədə "RBC-Ukrayna" "The Wall Street Journal"a (WSJ) istinadən məlumat yayıb.
WSJ-nin mənbələrinin məlumatına görə, işğal olunmuş Krımı Rusiya ilə birləşdirən körpüyə hücumlar üçün istifadə edilən bəzi Ukrayna sursatlarında "HiSKY" sistemindən istifadə olunub.
"Starlink"dən fərqli olaraq, "HiSKY" Rusiya ərazisində də işləyir. Həmsöhbətlərdən birinin sözlərinə görə, ukraynalı dron operatorları bu sistemdən Rusiyanın ballistik raket buraxılış qurğularının axtarışı üçün istifadə ediblər.
İsrail sistemi daha yüksək texniki hazırlıq tələb edir. Xüsusilə, missiyaların icrası zamanı mütəxəssislərin birbaşa olaraq yerində iştirakına ehtiyac var. "Starlink" terminallarından isə istifadə etmək daha asandır.
Bu o deməkdir ki, sözügedən sistem, çox güman ki, gündəlik tapşırıqlar üçün deyil, yalnız xüsusilə vacib əməliyyatlar zamanı tətbiq olunacaq.
Bundan əlavə, Ukraynada istehsal olunan bir çox pilotsuz uçuş aparatı məhz "SpaceX" xidmətləri ilə işləmək üçün uyğunlaşdırılıb. Onların digər rabitə sistemlərindən istifadə etməsi üçün yenidən konfiqurasiya edilməsi məqsədilə çox vaxt istehsalçıya qaytarılması tələb olunur.
Xatırladaq ki, noyabrın 13-də "Axios" ukraynalı rəsmiyə istinadən məlumat yaymışdı ki, "Starshield"in yeni məhdudiyyətləri səbəbindən dron missiyalarının 100 %-i pozulur. "SpaceX"də isə o zaman heç bir dəyişikliyin baş vermədiyini bildirmişdilər.
Növbəti gün Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, işğal olunmuş ərazilərdə "Starshield"in sürət məhdudiyyəti qüvvədədir - maksimum saatda 161 km.
O, noyabrın 27-də Ukraynanın nəzarətində olan ərazidə "Starlink" və "Starshield" rabitəsinin normaya qayıtdığını, lakin işğal olunmuş torpaqlarda məhdudiyyətlərin qaldığını bildirib.