28 noyabr 2026 22:00
319

Siyəzəndə su kanalına düşən uşağın meyiti tapılıb -  YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Hüseyn Ceyhun oğlu Allahverdiyevin cəsədi batdığı yerdən 10 kilometr aralıda FHN-in xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Siyəzəndə iki azyaşlı Taxtakörpü - Ceyranbatan su kanalına düşüb.

Zeynallı Ömər Vüsal oğlu və Allahverdiyev Hüseyn Ceyhun oğlu kanalın kənarında oynayan zaman suya düşüblər.

Ö.Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib, H.Allahverdiyevin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

"Report"