Çexiyanın paytaxtı Praqada Milad bayramı öncəsi ənənəvi yarmarkalar öz qapılarını ziyarətçilərin üzünə açıb.
“İki sahil” xəbər verir ki, noyabrın sonunda şəhərin küçə və meydanları bayram işıqlarına bürünüb, ən böyük bazarlar isə Köhnə Şəhər və Vatslav meydanlarında, eləcə də digər məhəllələrdə fəaliyyətə başlayıb.
Köhnə Şəhər meydanındakı yarmarka Praqa Miladının əsas rəmzi hesab olunur. Məşhur Praqa astronomik saatının və Tın kilsəsinin fonunda onlarla taxta köşk ölkənin əsas küknar ağacının ətrafında yerləşib. Ağacın işıqları noyabrın 28-də yandırılaraq Advent dövrünün başlanğıcını elan edib.
Satıcılar piştaxtalara əl işi olan suvenirlər düzür, dəmirçilər xoşbəxtlik gətirən nal hazırlayır, ustalar isə şüşə yolka oyuncaqlarını naxışlayır. Açıq manqallarda şabalıd qovrulur, ənənəvi çex şpikaçkaları bişirilir, tüstü və ədviyyat qoxusu havaya yayılır.
Ziyarətçilər burada üzərinə şəkər, darçın və qoz səpilmiş trdelnik, eləcə də darçın və qərənfil ətirli çex isti şərabı dada bilərlər. Meydanın ortasında qurulan taxta müşahidə platforması bütün yarmarkanı yuxarıdan seyr etmək üçün ən yaxşı məkan sayılır. Şəhərin damlarını quşbaxışı görmək istəyənlər isə Köhnə Şəhər Ratuşasının qülləsinə liftlə qalxa bilərlər.
Qaranlıq düşəndən sonra əsas küknar canlanır, minlərlə işıq bayram melodiyalarının ahəngi ilə yanıb-sönür. Yaxınlıqda Müqəddəs ailənin, magların və heyvanların fiqurlarından ibarət oyma taxta Betlehem kompozisiyası quraşdırılıb, uşaqların sığallaya biləcəyi qoyun, keçi və uzunqulaqların olduğu kiçik sahə də var. Yarmarka 2026-cı il noyabrın 28-dən 2027-ci il yanvarın 6-dək açıqdır.
Vatslav meydanındakı yarmarka Milli Muzeyin fonunda işıqlı dəhliz yaradır və doyurucu çex küçə yeməkləri ilə məşhurdur. Burada iri çuqun tavalarda kartof köftəsi və hisə verilmiş ətlə bişmiş turş kələm, mayoran və sarımsaqla qızardılmış kartof oladyaları “bramborak” hazırlanır. Qızardılmış pendir, lanqoş və Horjitse borucuqları da ziyarətçilərə təklif edilir, qızınmaq üçün isə bal və ədviyyatdan hazırlanan isti içki – medovuxa içmək olar.
Mir meydanındakı yarmarka mövsümün ilk açılanlarındandır və praqalılar arasında xüsusi sevilir. Yarmarka noyabrın 20-dən dekabrın 24-dək hər gün saat 10:00-dan 20:00-dək fəaliyyət göstərir.
Respublika meydanındakı yarmarka Barıt qülləsi və Bələdiyyə evi ilə yanaşı alış-veriş üçün açıq olacaq. Tılov meydanı və Andel metro stansiyası yaxınlığındakı yarmarkalar isə daha sakit, məhəllə ab-havası təqdim edir. Köhnə Şəhər və Vatslav meydanlarında isə içki və yemək köşkləri çox vaxt gecə yarısınadək fəaliyyət göstərir.
Rusiya daxili tələbatı ödəyə bilmək üçün yanacaq idxalını artırmağı planlaşdırır