Dövlətimizin xarici siyasətinin önündə dayanan əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Diplomatik mübarizədə qələbəmiz, eyni zamanda iqtisadi inkişaf fonunda artan hərbi qüdrətimiz bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına böyük əminlik yaradır. Ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi “Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır” bəyanatı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Rəsmi Bakı ən yüksək tribunalardan dəyişməz mövqeyimizi bəyan edərək, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirir. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.
Münaqişənin həllində beynəlxalq dəstək hər zaman önə çəkilir. Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti nəticəsində həqiqətlərimiz əsaslı şəkildə, faktlarla dünya ictimaiyyətinə çatdırılır. Dünya dövlətlərinin və beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə ölkəmizin haqlı mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənir. Amma reallıq budur ki, həmin qətnamələr kağız üzərində qalıb. Dövlətimizin başçısı İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında bu məqamı xüsusi qeyd etmişdir: “Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır.”
“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir” bəyan edən ölkə Prezidenti İlham Əliyev bildirir ki, status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq.
Tarixi saxtalaşdırıb saxta tarix yazmaqla həqiqəti ört-basdır etmək qeyri-mümkündür. Xatırlasaq, “erməni soyqırımı” məsələsi gündəmə gətirilib, bundan qardaş Türkiyənin Avropa Birliyinə qəbulunda bir təzyiq vasitəsi kimi istifadə olunanda, rəsmi Ankara Ermənistan və Türkiyə tarixçilərindən ibarət komissiyanın yaradılmasını, dünya arxivlərinin açılaraq araşdırmalar aparılmasını tələb edəndə işğalçı dövlət dərhal təşvişə düşərək belə məsələlərlə tarixçilərin yox, siyasətçilərin məşğul olduğunu bildirir. Təbii ki, bu, Ermənistanın fakt qarşısında acizliyindən irəli gəlir. Özünə saxta tarix yazan bir dövlətin, xalqın hansı tarixi həqiqətdən danışacağı maraqlıdır? Həqiqət budur ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı möhkəm hüquqi baza mövcuddur. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz təkib hissəsi olduğu beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Əsas tələb erməni işğalçılarının işğal olunmuş torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasıdır.
Dövlətimizin siyasətinin əsasında dayanan mühüm tezislərdən biri sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olmasıdır. Ötən il aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşananlar Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Nazirlər Kabinetinin son iclasında cənab İlham Əliyevin diqqət yönəltdiyi əsas məsələlərdən biri də məhz bu oldu: “2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır.”
Dövlət başçısı İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamı da sözlə əməl birliyinin, qətiyyətin təntənəsidir. Həmin Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün dövlət büdcəsindən nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manatın ayrılması nəzərdə tutulur.
Bu fakt inkaredilməzdir ki, Ermənistan xarici ianələrdən asılı olan ölkədir. İşğalçı dövlətin büdcəsinin 70-80 faizi erməni lobbisinin ayırdığı vəsaitlər hesabına formalaşır. Belə bir vəziyyətdə olan dövlətin güclü iqtisadiyyatdan və ordudan danışması gülünc deyilmi? Digər bir tərəfdən, Ermənistanın siyasətində müstəqil olmadığı reallıqdır. Bu və ya digər dövlətlərin əlində vasitəyə çevrilən Ermənistan onların çaldığı hava ilə oynamaq məcburiyyətindədir. Təbii ki, Dağlıq Qarabağ problemi tərəflər özü arasında həll olunsaydı, çoxdan bu proses baş vermişdir. Lakin məsələnin beynəlxalq problemə çevrilməsi, hər bir dövlətin problemin həllinə öz maraqlarından yanaşması həll prosesinin uzanmasına səbəb olur. Münaqişənin həllindən vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərə fəaliyyətsizliklə bağlı irad bildiriləndə dərhal məsələnin həllinin tərəflərin özündən asılı olduğunu bildirməklə özlərini bir kənara çəkmiş olurlar. Tez-tez gündəmə gətirilən güzəşt məsələsi də yeridilən ikili siyasətin tərkib hissələrindəndir. Rəsmi Bakı daim bəyan edir ki, torpaqları işğal altında olan dövlət nəyi güzəştə getməlidir? Məsələnin bu günə qədər həllinin uzanması işğalçı dövlətə ən böyük güzəştdir. Aprel döyüşləri bir daha təsdiqlədi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə torpaqlarımızın hərb yolu ilə azad edilməsi şəksizdir. Dövlətimizin başçısı bildirir: “Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur.”
Dövlətimizin başçısı İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamı ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratmışdır. Xalqımız əmindir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunacaq, hər sahədə davamlı uğurları ilə seçilən, inkişaf strategiyası nümunə göstərilən Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcək.
Yeganə Əliyeva, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu