03 mart 2016 15:23
412

İran-Azərbaycan münasibətlərində yeni dinamika

İran-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin İran İslam Respublikasına son səfəri zamanı iki ölkə arasında imzalanmış sənədlər, verilən bəyanat və açıqlamalar bir daha sübut etdi ki, bundan sonra da İranla Azərbaycan arasında iqtisadi-ticari, energetika, humanitar sahədəki əlaqələrdə yeni dinamika müşahidə olunacaqdır.

Qeyd edək ki, bu gün ölkəmizdə tikinti, ticarət, kənd təsərrüfatı, bank sektorları üzrə  yüzlərlə İran şirkəti fəaliyyət göstərir. İran tərəfindən Azərbaycanda əsas kapitala 382 milyon ABŞ dolları məbləğində, qeyri-neft sektoruna isə 105 milyon dollar həcmində birbaşa investisiya yatırılıb. Təkcə 2013-cü il ərzində İranın Azərbaycanda əsas kapitala sərmayəsinin həcmi 158 milyon dollar təşkil edib.

İranla Azərbaycan arasında energetika sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. İki ölkə arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması dövlət rəsmilərinin qeyd etdiyi kimi, respublikamıza iqtisadi və siyasi faydalar verəcək.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə bu saziş Azərbaycan və İranın suverenliyinə, ərazi bütövlüyünə hörmət prinsiplərini, hər iki ölkənin “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının su və enerji resursları üzərində eyni hüquqa malik olduğunu elan edir. Sazişdə Azərbaycanın ərazi bütövlüyünün BMT-nin qətnamələrinə uyğun bərpa edilməsinin zəruriliyi də qeyd olunur.

İqtisadi cəhətə gəlincə, Ş.Mustafayev qeyd edib ki, bu layihə Azərbaycan üçün çox sərfəlidir: “Bənd artıq tikilib başa çatdırılıb, yaxın vaxtlarda elektrik stansiyasının tikintisi yekunlaşdırılacaq, Azərbaycan İranla birgə bu layihəni idarə edəcək və reallaşdırılacaq. Elektrik enerjisinin satışından əldə edilən gəlir iki ölkə arasında bərabər bölünəcək”.

Bundan başqa, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” bu sahədə əlaqələrimizi daha da genişləndirəcək.

“Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə yük və sərnişin daşımalarında Azərbaycanın və İranın fəal iştirakı hər iki ölkənin iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaqdır.

Azərbaycan-İran əlaqələrində nəqliyyat sahəsində həyata keçirilən layihələr də mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan vilayəti arasında Culfa-Culfa (İran) yeni avtomobil yolu körpüsünün istifadəyə verilməsi nəqliyyat əlaqələrinin genişlənməsi, beynəlxalq tranzit yüklərin daşınması, vətəndaşların rahatlığının təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan və İran arasında müqavilə-hüquqi bazanın genişləndirilməsi, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, meliorasiya və mədəniyyət sahələrində də əlaqələr uğurla davam etdirilir.

Prezident İlham Əliyevin İran İslam Respublikasına səfərindən sonra İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı daha da artıb, bir sıra İran şirkətlərinin nümayəndələri ölkəmizdə səfərdə olub, Azərbaycan-İran işgüzar görüşü keçirilib. Ölkəmizdə səfərdə olan İranın “Darou pakhsh” şirkətinin nümayəndələri iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşərək dərman vasitələrinin istehsalının təşkili sahəsində əməkdaşlıq, İran tərəfinin ölkəmizdə əczaçılıq məhsulları istehsalı müəssisəsinin təşkilinə dair bir müddət əvvəl Azərbaycan tərəfinə təqdim etdiyi təkliflər, həmçinin bu sahədə birgə müəssisənin yaradılmasını  müzakirə ediblər. İran şirkətinin nümayəndələri əczaçılıq məhsulları istehsalı müəssisəsi üçün təklif edilən Sumqayıt Kimya Sənaye Parkına səfər edərək burada investorlar üçün yaradılan imkanlarla tanış olublar.

Hər iki ölkə başçısının qarşılıqlı rəsmi səfərləri zamanı aparılan danışıqlar, imzalanan sənədlər onu göstərir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edərək yeni mərhələyə qədəm qoyub.

Zahid Rza, “İki sahil”