Azərbaycan kitab kimidir. Bu ölkəni yalnız başdan-axıradək “oxuyandan” sonra onun zəngin mədəniyyətə malik çox gözəl ölkə olduğunu başa düşmək olar.
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Tallində Linnamyae Rus liseyinin 11 sinif şagirdi İrina Kozonoviç deyib.
İ.Kozonoviç heyranlıqla deyib: “Azərbaycanla tanışlığım hələ uşaq yaşlarımda başlayıb. Ailəmin ən yaxşı dostları azərbaycanlılar idi. Onlarla dostluğumuz Azərbaycana məhəbbətə çevrildi. Azərbaycan xalqı qonaqpərvərlik və mehribanlıq mücəssəməsidir. Bu ölkə məni öz gözəlliyi və müxtəlifliyi ilə cəlb edir”.
Sosial şəbəkələrdə Azərbaycanı fəal təbliğ edən İrina vurğulayıb: “Mən Dağlıq Qarabağ zonasında baş verən hadisələri böyük həyəcanla izləyirəm və güclü narahatlıq hissi keçirirəm. Bu hiss daim mənimlədir. Mən bu problemə öz ölkəmin problemi kimi baxıram. Qəlbim Azərbaycanla bir döyünür”.
2014-cü ildə İrina Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilmiş “Azərbaycan barəsində nə bilirəm” adlı ingilis dilində esse müsabiqəsinin qalibi olub.
Müsabiqənin əsas mükafatı Azərbaycana ongünlük səfər olub. İrina deyib: “Mən Azərbaycanın çox şəhərində oldum, muzeylərə getdim, görməli yerlərə tamaşa etdim. Azərbaycan məndə Alov qüllələri, İçərişəhər, safürəkli insanlar assosiasiyası yaradır”.
Estoniyalı məktəbli əminlik hissi ilə diqqətə çatdırıb: “Mən İran və Kanadadan olan dostlarımla bir balaca Azərbaycan dilində danışıram. Onlar da bu unikal ölkəyə maraq göstərirlər. Azərbaycan bizi birləşdirib. Hesab edirəm ki, Azərbaycan dili beynəlxalq dilə çevrilməldir”.
Diplomat olmaq istəyən İrina vurğulayıb: “Mən gələcək karyeramı Azərbaycan ilə bağlamaq, Estoniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət etmək niyyətindəyəm”.